23 Dekabr 2022 10:45
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan hakimiyyəti yanvar iğtişaşları kimi faciənin təkrarlanmaması üçün əlindən gələni edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Xalqımız üçün sınaq dövrü idi, dövlətçiliyin əsasları təhlükə altındaydı. Üstəlik, dövlətimizi xilas edə bilib-bilməyəcəyimiz də sual idi. Amma xalqımızın birliyi və həmrəyliyi sayəsində sarsılmaz əzm və güc nümayiş etdirərək bütün çağırışlara qətiyyətlə müqavimət göstərə bildik”, - ölkə başçısı vurğulayıb.

Tokayev xatırladıb ki, həmin günlərdə hakimiyyət cəmiyyət arasında nifaq salmağa çalışan sui-qəsdçilərin qarşısını ala bilib:

“Ölkənin bir sıra şəhərlərində keçirilən dinc mitinqlər iğtişaşlara və talanlara çevrildi. Müstəqilliyin beşiyi olan Almatı quldurların əlindən əziyyət çəkdi. Quldurlar güc strukturlarına hücum edib, anbarları silahla qarət etdilər. Bu əməlləri nəticəsində günahsız dinc sakinlər həlak oldu. Təbii ki, dağılmış binaları bərpa etmək olar. Amma alınan canlar təəssüf ki, geri qaytarıla bilməz. Ona görə də belə bir faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik”.

Prezident əmin edib ki, Qazaxıstan siyasi sistemin daha da demokratikləşdirilməsinə, iqtisadiyyatın inhisardan çıxarılmasına və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş genişmiqyaslı islahatları davam etdirəcək:

“İlin əvvəlindən qısa müddət ərzində xeyli iş görülüb. Ümumxalq referendumunda yenilənmiş konstitusiya qəbul etdik. İndi bizi çətin sınaqlar gözləyir. Ölkəmiz müasirləşmə və yeniləşmə yoluna qədəm qoyub. Bu, hələ başlanğıcdır. Bu, yol asan olmayacaq”.

Yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Prezident Kasım-Jomart Tokayev baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb və kömək üçün KTMT-yə müraciət edib. Məlumata görə, hadisələr nəticəsində 238 nəfər ölüb, 4.5 mindən çox insan yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu