Səudiyyə Ərəbistanı neft satışından əldə etdiyi dollarları İŞİD kimi terrorçu qrupların ixtiyarına verir. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi deyib.
H.Firuzabadi bildirib ki, Səudiyyə Ərəbistanı İŞİD kimi terrroçu-təkfirçi qruplaşmanın yaradıcısıdır və neft satışından göydəndüşmə dollarları həmin qrupların güclənməsinə xərcləyir.
O, İŞİD əleyhinə ABŞ və Avropa ölkələrinin koalisiya yaratmasını bu terror qruplaşmasına qarşı taktiki bir hərəkət adlandırıb və deyib ki, ABŞ və Qərb ölkələri əslində İŞİD-ə maliyyə və silah yardımı edirlər: “Səudiyyə Ərəbistanı öz neft hasilatını artırmaqla ABŞ və Qərb ölkələrini yanacaqla bağlı problemlərin olmayacağına inandırdı, digər tərəfdən isə neftin qiymətini aşağı salmaqla regionda terrorla və İŞİD-ə qarşı mübarizədə aparıcı ölkələrin gəlirlərinin azaldılmasına çalışdı”.
H.Firuzabadi qeyd edib ki, Səudiyyə Ərəbistanı öz hərəkətləri ilə region ölkələrinə 500 milyard dollar ziyan vurub, digər tərəfdən, maliyyə böhranı yaşayan Qərb ölkələrinin maliyyə gücünün 300 milyard dollar artmasına yardım edib.