Rusiyanın Ukraynaya qarşı “böyük hücum”a hazırlaşdığı xəbərdarlığı gündəmdə olarkən, ABŞ kəşfiyyatının bir nömrəli ismi Uilyam Börns savaşla bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru müharibədə qarşıdakı 6 ayın çox kritik olduğunu vurğulayıb.
Börns qeyd edib ki, Rusiya lideri Vladimir Putin Qərbin müharibəyə marağının zəifləməsindən və siyasi yorğunluqdan istifadə edərək, ordunu gücləndirə və Ukraynada mühüm uğurlar əldə edə bilər: “Növbəti altı ay müharibə üçün kritikdir”.
Eyni zamanda, kəşfiyyat şefi Rusiyanın Ukraynada ələ keçirdiyi torpaqları bir-bir itirə biləcəyini də qeyd edərək, Putinin sülh danışıqlarında maraqlı olmadığını və yeganə məqsədinin müharibədə qalib gəlmək olduğunu bildirib.
ABŞ üçün ən böyük geosiyasi riskin Çin olduğunu deyən Börns Pekin və Vaşinqton arasında artan rəqabətin özünəməxsus olduğunu bildirib. Ona görə, Putinin Ukraynadakı təcrübəsini yaxından izləyən Çin lideri Si Cinpin Rusiyanın zəif hərbi göstəricilərindən narahatdır.
Çinin Ukrayna müharibəsi üçün Rusiyaya ölümcül silahlar vermək istəmədiyini söyləyən Börns Çinin Tayvanı işğal etməyi planlaşdırdığını da iddia edib. O bildirib ki, Çin lideri hərbçilərə 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazırlaşmağı tapşırıb.