Fevralın 6-da Kahramanmaraşda 9 saat fərqlə baş verən iki zəlzələ həm Türkiyəni, həm də dünyanı yasa boğdu. 10 əyaləti yerlə-yeksan edən zəlzələdən sonra axtarış-xilasetmə işləri tam sürətlə davam edir.
Teleqraf.com xəbər verir ki, Yunanıstan da Türkiyədə baş verənləri diqqətlə izləyir.
Yunan seysmoloq, professor Panayotis Karidis durumu araşdırmaq üçün bölgəyə gəlib.
Yunanıstan mətbuatına açıqlama verən Karidis gördükləri haqda belə deyib:
“Dünyada bir çox zəlzələ bölgəsində olmuşam. Daha əvvəl belə bir şey görməmişdim. Zərərin ölçüsü demək olar ki, Yunanıstan böyüklüyündədir".
Professor axtarış-xilasetmə işlərinə qatıldığını da bildirib. Eyni ərazidə bəzi binaların dağılmasına baxmayaraq, yanındakı digər binaların niyə dağılmadığı haqda sualı cavablandıran professor bunun “harmonik çökmə” adlandırıldığını söyləyib:
“Harmonik çökmə bir yerin zəlzələ nəticəsində hərəkət etmə meyli ilə əlaqəlidir. Bu durumda şaquli və üfüqi dalğalar birləşir”.
Buna uyğun olaraq, zəlzələnin şiddəti bəzi binalarda daha çox hiss edilərsə, eyni ərazidə yerləşən iki bina olsa belə, biri çökə, digəri dayana bilər.
Belə hallarda professor “masa altına girməyin” və ya “təhlükəsiz yer” tapmağın nəticə verməyəcəyinə diqqət çəkib: “Çünki bu durumda bina düz formada dağılır”.
Karidis əlavə edib ki, zəlzələnin episentrinin yaşayış ərazilərində olması və təbii fəlakət insanlar yuxuda olarkən baş verməsi səbəbindən zərər və itkilər bu qədər çoxdur.