11 Fevral 2023 12:30
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-da rus raketlərinin Rumıniya ərazisinə düşməsi Rusiya ilə NATO ölkələri arasında gərginliyə səbəb olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində bildirilir.

Amerikalı analitiklər deyirlər ki, kütləvi raket zərbələri Ukraynadan kənarda periferik risklər yaratmağa davam edəcək. Ekspertlər təkcə dünən Rumıniya və Moldova üzərindən həyata keçirilən uçuşları deyil, həm də 2022-ci il noyabrın 15-də Polşada baş verən hadisəni xatırladıblar.

Ekspertlərin fikrincə, NATO və ayrı-ayrı üzv dövlətlər Rusiya təyyarələrinin və raketlərinin təsadüfi və ya qəsdən uçuşlarına cavab olaraq öz davranışlarına və eskalasiya dərəcəsinə tam nəzarət edirlər:

“Rusiya Prezidenti Vladimir Putin NATO ilə müharibəyə can atmır və çətin ki, son gəlişmə birbaşa eskalasiya riskini daşısın”.

Fevralın 10-da Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib. Sonradan məlum olub ki, Rusiyanın atdığı “Kalibr” raketləri Ukrayna sərhədini keçib. Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnı deyib ki, Rusiya raketləri səhər saatlarında Moldova üzərindən uçub və NATO ölkəsinin hava məkanını keçərək Rumıniyaya düşüb. Rumıniya hakimiyyəti bunu inkar edir.

ABŞ Dövlət Departamenti də hesab edir ki, hazırda Rusiyadan Moldova və ya Rumıniyaya birbaşa hərbi təhlükənin heç bir əlaməti yoxdur.

Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bir neçə Rusiya raketinin Moldova və Rumıniyanın hava məkanından keçdiyini xatırladıb və bunun NATO üçün çağırış olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər