“Status” Araşdırmalar Mərkəzi Türkiyədə 6 fevral zəlzələləri, görülən işlər və ondan sonra aparılan mübarizə ilə bağlı ictimaiyyətin fikir və yanaşmalarını əks etdirən geniş ictimai rəy sorğusu keçirib.
Teleqraf.com xəbər verir ki, 5200 nəfərin iştirakı ilə keçirilən sorğu zəlzələlərdən sonra hökumət və dövlət qurumlarının reflekslərini, göstərdikləri təşəbbüsü, cəmiyyətin onların fəaliyyətinə necə baxdığını göstərmək baxımından önəmlidir.
Təkcə iqtidar və dövlət qurumları deyil, “Müxalifət iş başında olsaydı belə bir fəlakətin öhdəsindən gələ bilərdimi?” kimi suallar da var və verilən cavablara görə ortaya çıxan nisbətlər son dərəcə diqqətçəkəndir.
Verilən cavabların nəticəsinə görə, əhalinin 96.5 faizi zəlzələləri Türkiyənin indiyədək gördüyü ən böyük fəlakət kimi dəyərləndirir.
Suallardan biri də cəmiyyətin zəlzələdən sonra dövlət qurumlarının reaksiyası ilə əlaqəlidir. Cavablar göstərir ki, ictimaiyyətin təxminən üçdə ikisi dövlət qurumlarının mübarizəsinə müsbət qiymət verib.
“Dövlətin bütün qurumlarının zəlzələdən sonra böyük səy və səmimiyyətlə mübarizə apardığını düşünürəm” deyənlərin nisbəti 63.6 faizdir.
Bundan başqa, zəlzələ qurbanları üçün toplanan nağd ianələrin ehtiyacı olanlara çatdığına və gələcəkdə də onlara çatmağa davam etdiyinə cəmiyyətdə 63.8 faiz kimi yüksək inam nisbətinin olduğu görülür.
Sorğuda iştirak edənlərə verilən suallardan biri də budur: “Ehtiyacı olan bütün vətəndaşlarımızın qayğısına qalması və bu insanların sığınacaq və qida ehtiyaclarının dövlət tərəfindən ödənilməsi fikri ilə razısınızmı?”
Verilən cavaba görə, əhalinin 59.9 faizi zəlzələ qurbanlarının qida və sığınacaq ehtiyaclarının ödənildiyini düşünür.
Zəlzələdən zərər çəkənlərin başqa şəhərlərə təxliyəsi istiqamətində aparılan işlərə verilən dəstəyin bunlardan qat-qat yüksək səviyyəyə çatdığı görünür. Bununla bağlı suala iştirakçıların 83.6 faizi “müsbət”, 16.4 faizi isə “mənfi hesab edirəm” cavabını verib.
Sorğunun diqqətçəkən nəticələrindən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları ilə bağlı suallar və bunlara verilən cavabların nisbətidir. İştirakçıların 61.3 faizi Ərdoğana etibar etdiyini bildirib.
Ərdoğanın vəd etdiyi yardımların sözdə qalmayacağına, həyata keçiriləcəyinə inananların nisbəti 72.5 faizdir.
Sorğuda iştirak edənlərə ünvanlanan mühüm suallardan biri də zəlzələ qurbanlarına verilən “daimi mənzil” vədlərinin yerinə yetirilib-yetirilməyəcəyidir.
“Ərdoğanın bir il ərzində dağıdılan evləri bir il ərzində yenidən tikdirib təhvil verəcəyinə inanırsınızmı?” sualına 57.1 faiz “Bəli” cavabını verib.
“Bəs fəlakət dövründə müxalifətin münasibətini necə qiymətləndirirsiniz?” sualına verilən cavablar:
“Mənfi hesab edirəm” - 55,2 faiz;
“Müsbət hesab edirəm” – 44.8 faiz.
Bununla bağlı müxaliəfətin ittiham xarakterli davranışlarına “yanlış hesab edirəm” deyənlərin nisbəti 66.2 faiz, “müsbət” olduğunu deyənlərin nisbəti isə 33.8 faiz olub.
“Müxalifət hakimiyyətdə olsaydı, belə təbii fəlakətin öhdəsindən gələ bilərdimi?” sualına “Xeyr” deyənlərin nisbəti 56.2, “Bəli” deyənlərin nisbəti 23.9 faizdir.