Ukraynanın müdafiə qüvvələri son sutka ərzində rus işğalçılarının 90-dan çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya ordusunun əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaqdır. Baş Qərargahdan verilən məlumata görə, bu məqsədlə Rusiya qüvvələrini Liman, Baxmut, Avdiv, Marin, Şaxtyor istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldib. Göstərilən istiqamətlərdə işğalçıların 90-dan çox hücumunun qarşısı alınıb.
Baş Qərargah Baxmut ətrafında döyüşlərin davam etdiyini bildirib:
“Düşmən Baxmut şəhərini ələ keçirmək cəhdlərini dayandırmır. Eyni zamanda müdafiə qüvvələrimiz Yaqid, Xromov və Orikxovo-Vasilivka yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını dəf ediblər”.
Rus ordusunun Avdiv, Marin və Şaxtyor istiqamətlərindəki hücum cəhdləri də uğursuz olub.
Bundan başqa, rus işğalçılarının mövqelərinə və idarəetmə məntəqələrinə zərbələr endirilib. Ukrayna aviasiyası gün ərzində Rusiya ordusunun canlı qüvvəsinin yerləşdiyi ərazilərə 9, zenit-raket komplekslərinin yerləşdiyi ərazilərə 3 və digər mühüm hərbi obyektlərinə 3 zərbə endirib.