İctimai sorğularla seçicinin nəbzini yoxlayan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) daha bir sorğu keçirib.
Teleqraf.com xəbər verir ki, yeni tamamlanan araşdırma maraqlı nəticələri ortaya çıxarıb.
Bu həm prezident, həm də parlament seçkilərinə aiddir.
Sorğunun nəticələri göstərir ki, İYİ Partiyada ciddi ciddi geriləmə var, Maral Akşənərin partiyasının səsləri 7 faiz səviyyəsindən də aşağı düşüb.
Bəs, İYİ Partiyadan gələn səslər hara gedir?
“Haber 7”nin iddiasına görə, səslərin önəmli hissəsi Məhərrəm İncə və onun Məmləkət Partiyasına, bir hissəsi isə Cümhur İttifaqının namizədi, Prezident Rəcən Tayyib Ərdoğana gedir.
Sözügedən sorğunun nəticələri aşağıdakı kimi ümumiləşdirilir:
Məhərrəm İncənin Məmləkət Partiyasının İYİ Partiyadan və bir qədər də CHP-dən olanlarla birlikdə səsləri 4.5 faizə yüksəlib.
Diqqətçəkən bir gəlişmə də var: HDP də daxil olmaqla, bütün müxalifət blokunun səsləri uzun müddətdən sonra ilk dəfə 50 faizdən (49.2%) aşağı düşüb. Məsələn, 8 ay əvvəl HDP istisna olmaqla müxalifət bloku (Millət İttifaqı) Cümhur İttifaqından daha çox səs toplamışdı.
İndi diqqət Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun üzərində olsa da, bu sorğuya görə, Məmləkət partiyasının liderinin namizədliyinə verilən dəstək nisbəti 14 faizə yüksəlib.
Seçkiləri ilk turda vahid namizədlə (Kılıçdaroğlu ilə) qazanmağı hədəfləyən müxalifət bloku üçün bu, yaxşı xəbər deyil. Çünki bu 14 faizlik səsin böyük bir hissəsi onlardan gedir. Kılıçdaroğluna açıq dəstək nisbətinin 26 faiz civarında olması bunun bariz göstəricisidir.
HDP namizəd irəli sürməsə və onu dəstəkləsə, Kılıçdaroğlunun səslərinin yuxarıya doğru artacağını gözləmək olar, ancaq İncə faktoru bu arzularını puça çıxara bilər.