Donald Tramp ABŞ tarixində ona qarşı irəli sürülən ittiham səbəbindən məhkəməyə çıxarılacaq ilk eks-prezident olacaq.
Teleqraf.com xəbər verir ki, sabiq prezidentin vəkili Co Takopina Nyu-York məhkəmə heyətinin cinsi əlaqədə olduğu iddia edilən porno aktrisa Stormi Denielsə 130 min dollar “susmaq payı” ödəməsi ilə bağlı aparılan təhqiqat çərçivəsində Trampın mühakiməsinə qərar verdiyini açıqlayıb.
2024-cü il prezident seçkilərində namizəd olan Tramp martın 18-də Manhetten prokurorunun apardığı istintaqla bağlı həbs olunacağını gözlədiyini və buna görə də tərəfdarlarını etirazlara çağırdığını bildirib.
Deniels 2016-cı ildə Trampla cinsi əlaqədə olduğu iddiası ilə bağlı səssiz qalması üçün 130 000 dollarlıq müqavilə imzaladığını iddia edir, amma bunun Tramp tərəfindən imzalanmadığı üçün etibarsız olduğunu deyir.
Eks-prezident porno ulduzun ittihamlarını rədd edərkən, Trampın keçmiş vəkili Maykl Koen onun adından Denielsə öz hesabından 130 min dollar ödədiyini iddia edir. Onun sözlərinə görə, Trampın şirkətləri daha sonra ona təxminən əlavə olaraq 420 min dollar bonus ödəyiblər.