Məmləkət partiyasının sədri Məhərrəm İncə müxalifətin Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu ilə yaşadığı gərginliyi daha da artıracaq açıqlama verib.
Teleqraf.com xəbər verir ki, İncə Kılıçdaroğlunun seçkidə qalib gəlmək kimi probleminin olmadığını iddia edib.
CHP sədrinin onunla son görüşünə toxunan siyasətçi deyib:
“Onsuz da məqsəd razılaşmaq, inandırmaq deyildi. Əgər onların belə bir məqsədləri olsaydı, bu, son günə qalmazdı, bunu millətimin ixtiyarına buraxıram”.
İncə müxalifət blokundan ona geri çəkilməklə bağlı ünvanlanan mesaja diqqət çəkib:
“17 partiya bir araya gəlib. 11 böyük şəhər bələdiyyə sədri, köşə yazarları, “ekran bülbülləri” var. Bu fonda “Məhərrəm İncə, geri çəkil” deyirlər. Onların seçkidə qalib gəlmək niyyətləri yoxdur. “Seçkidə uduzacağıq, indi günahkarı elan edək” - onların problemi budur”.
İncə Millət İttifaqının Kamal Kılıçdaroğluna etibar etmədiyini iddia edib:
“Özlərinə və namizədlərinə etibar etmirlər. 13 görüşdə öz namizədlərini seçə bilmədilər. Namizədlikdən geri çəkilsəm də, o səslər onlara getməyəcək. Məhərrəm İnce təkbaşına deyil, üç ildir yollardadır. 73 əyalət və 483 rayonda təşkilatı olan partiyasını könüllülər qurub. 115 min nəfər onun üçün imza toplayıb. Mən onlarla işləyirəm, siyasət aparıram. Buradan çəkilməyimizə ehtiyac yoxdur, texniki cəhətdən mümkün deyil. Qaydalar, yerlər bəllidir. Bitdi”.
Partiya sədri Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğan qarşısında şansının olmadığını söyləyib:
“Hamı bilir ki, bu seçki ikinci tura keçəcək. Bu, ilkin seçim olacaq. İkinci tura qalanda Kılıçdaroğlu Ərdoğana asanlıqla qalib gələcəkmi? Qoy düşünsünlər. Kılıçdaroğlu ilə müqayisədə mən daha şanslıyam. Qoy bu haqda düşünsünlər. Beləliklə, ikinci tur haqda fikirləşin. Ərdoğanın qarşısında Kılıçdaroğlu, yoxsa mən daha şanslıyam? Bunu hər kəs öz vicdanına, ağlına, beyninə soruşmalıdır”.