İngiltərənin “The Economist” nəşri Türkiyədə keçiriləcək seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, ingilis nəşri Türkiyə liderinin seçkidəki əsas rəqibi, CHP sədri Kamal Kılıçdaroğlunun öz səslərini azaldacaq yanlışlara yol verdiyini yazır.
“Ərdoğan və komandasının 7/24 zəlzələ bölgəsindəki səyləri, atılan təməllər, təqaüd başda olmaqla iqtisadiyyatda aparılan islahatlar, Kılıçdaroğlunun səhvləri, Millət İttifaqının nizamsız görünüşü, Məhərrəm İncə ilə “soyuq savaş” kimi səbəblər cəmiyyətin diqqətini Cümhur İttifaqına yönəldib. Bu, son sorğunun nəticələrində də öz əksini tapır”, - analizdə deyilir.
İngilis analitiklərin fikrincə, yarışın hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu arasında gedəcəyinə şübhə yoxdur.
Təhlildə Türkiyə liderinin güclü ictimai profilinə və media üzərindəki çəkisinə toxunulur:
“Ərdoğan seçki yaxınlaşdıqca maaş artımı və aşağı kredit faizi kimi bir sıra konkret addımlar ataraq “seçki iqtisadiyyatı” taktikasından istifadə edir. Ərdoğanın mühafizəkar seçicinin dəstəyi ilə yenidən seçiləcəyini proqnozlaşdırırıq”.