Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojin gözlənilmədən Ukraynanın Baxmut şəhərini ələ keçirə bilmədiklərini etiraf edib.
Teleqraf.com xəbər verir ki, onun adından bu məlumatı öz mətbuat xidməti yayıb.
“Açıq demək lazımdır ki, düşmən heç yerə getməyib. Onların şəhər daxilində, əvvəlcə dəmir yolu boyunca, sonra şəhərin qərb məhəlləsindəki hündürmərtəbəli binaların ərazisində mütəşəkkil müdafiəsi var”, - Priqojin bildirib.
Beləliklə, Priqojinin bundan əvvəl Baxmutun tutulması ilə bağlı açıqlaması yalan çıxıb. Bununla belə, o, Ukrayna Silahlı Qüvvələrinin şəhərdən geri çəkiləcəyini, amma yaxınlıqda mövqe tutacaqlarını iddia edib. “Vaqner” lideri bu səbəbdən davam edən hərbi əməliyyatda böyük sıçrayış gözləmədiyini də deyib.
“Müsbət dinamikaya malik olmaq üçün bir neçə məsələni həll etmək lazımdır. Birinci məsələ cinahlarımızın etibarlı mühafizəsini təmin etməkdir. İkincisi, düzgün təşkil edilmiş komandamızın olduğundan əmin olmaqdır. Surovikini (“xüsusi hərbi əməliyyat” komandirinin müavini) çoxdandır görmürəm, onun nə işlə məşğul olduğunu bilmirəm. Üçüncüsü isə sursatdır. Bu üç sualın hamısını həll etdikdə, istədiyimiz yerə gedə bilərik”, - Priqojin qeyd edib.
“Vaqner” bölmələri və Rusiyanın nizami ordusu ötən yaydan Baxmutu tutmağa çalışır. Mühasirə təhlükəsinə və inetnsiv hücumuna baxmayaraq, Baxmut Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qalır.