ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hücum sualtı gəmisi Cənubi Kiprin Limassol limanına yanaşıb.
Teleqraf.com xəbər verir ki, bu gəlişmədən sonra Şimali Kipr Türk Cümhuriyyəti ABŞ-ı qınayıb.
ABŞ-a növbəti reaksiya Türkiyə Xarici İşlər Nazirliyindən gəlib.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin ABŞ-a məxsus hücum sualtı gəmisinin Yunan Kiprinin limanlarından birində lövbər salması və Yunan Kiprini silahlandırma fəaliyyətləri ilə bağlı bəyanatını şiddətlə dəstəkləyirik.
Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə dəfələrlə vurğuladığımız kimi, ABŞ-ın Kipr adasında sabitliyi pozan və Yunan Kiprini silahlanmağa təşviq edən addımları heç bir şəkildə bölgənin sabitliyinə və bütövlükdə Kipr məsələsinin ədalətli, davamlı və daimi həllinə kömək etmir.
ABŞ-ı bu siyasətini yenidən nəzərdən keçirməyə çağırır və xatırlatmaq istərdik ki, ölkəmiz öz öhdəliyi və məsuliyyəti çərçivəsində hər cür şəraitdə Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək”.