11 Aprel 2023 17:48
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək seçkilərdə prezidentliyə namizəd irəli sürməyəcəyini və “Altılıq Masası”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayan PKK terror təşkilatının siyasi qanadı HDP son günlər tez-tez terrorçuların lideri Abdullah Öcalanın həbsdən azad ediləcəyi məsələsini gündəmə gətirir.

Teleqraf.com xəbər verir ki, HDP-nin mesajlarına “Masa”dakı tərəflərindən bir kəlmə də olsa cavab verilməsə də, millətçi mövqeyi ilə tanınan İYİ Partiyanın məsələ ilə bağlı nə deyəcəyi maraq doğururdu.

Nəhayət, Maral Akşənərin partiyası sükutunu pozub. İYİ Partiyanın sözçüsü Kürşad Zorlu partiyasının terrorla bağlı mövqeyinin bəlli olduğunu və mümkün hakimiyyətləri dövründə bu mübarizənin qətiyyətlə davam edəcəyini deyib.

Öcalanın PKK terror təşkilatının lideri olduğunu bildirən Zorlu söyləyib:

“PKK terror təşkilatıdır, Abdullah Öcalan isə bu terror təşkilatının rəhbəridir. Ona görə də bu məsələdə İYİ Partiyanın mövqeyi bəllidir. Ölkəmiz heç vaxt milli birlik və bütövlüyündən güzəştə getmir və hansı terror təşkilatı olmasından asılı olmayaraq, bu məsələdə tənqidi mövqeyimiz aydındır, eləcə də HÜDA-PAR-la bağlı. Ona görə də İYİ Partiya Millət İttifaqının üzvü olaraq qarşıdakı dövrdə terrorla mübarizədə qətiyyətli addımların atılması istiqamətində lazımi münasibəti göstərəcək”.

Birbaşa HDP-yə qarşı mənfi ifadə işlətməyən Zorlu “Altılıq Masası”nın mümkün iqtidarı zamanı Öcalanın həbsdən çıxma ehtimalı ilə bağlı sualı da cavablandırıb:

“Bir az əvvəl dediklərim çox açıqdır. Cəmiyyətimizin asanlıqla başa düşə biləcəyi ifadə formasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər