Ukrayna Silahlı Qüvvələrinin 16-ya yaxın motoatıcı briqadası Baş Qərargahın işğal olunmuş ərazilərin azad edilməsi üçün planlaşdırdığı əks-hücum əməliyyatında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən yerli mətbuata bildirilib.
Plana əsasən, Qərbin Ukrayna ordusuna verdiyi ağır texnikalar və uzaqmənzilli artilleriya sistemləri də Rusiyaya qarşı döyüşlərə cəlb ediləcək.
Məlumatda qeyd edilir ki, bu silahlar və sistemlər Ukrayna ordusunun əks-hücumunda əsas zərbə gücünə çevriləcəklər.
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) məxfi sənədlərin sızması da planlaşdırılan əks-hücuma mənfi təsir göstərməyəcək. Çünki planlaşdırılan hərbi əməliyyatın əsas təfərrüatları internet və mediada yayılan məxfi sənədlərdə öz əksini tapmayıb.
Hazırda yeni ordu briqadalarının mümkün əks-hücum əməliyyatlarına cəlb edilməsi sürətləndirilmiş templə davam edir. Ukraynaya lazımi silahlar da sürətlə çatdırılır: “Patriot”, NASAMS, HIMARS, IRIS-T hava hücumundan müdafiə sistemləri, HARM raketləri, JDAM aviabombaları, “Abrams”, “Challenger”, “Leopard” tankları və s.