Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri yaxınlaşarkən, həyəcan da artır. Dünyanın diqqət mərkəzində olan seçkidən əvvəl namizədlər hazırlıqlarını gücləndiriblər. Bu çərçivədə ölkənin hər yerində mitinqlər davam edərkən, sözün əsl mənasında seçki atmosferinə girilib. Namizədlər meydanlara topladıqları vətəndaşlara vədlər verir, bəyanatlar səsləndirirlər.
Teleqraf.com xəbər verir ki, müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu prosesdə tez-tez ilginc səhvlərə yol verir.
Bu gün danışarkən növbəti dəfə səhvə yol verib.
Ağrı vilayətində mitinq keçirən Kılıçdaroğlu Misiri “Türkiyənin şəhəri”nə çevirəcəyi sözünü verib: “Bu bölgəni – Ərzurumu, Ağrını, Elazığı, Misiri, Qarsı, İğdırı və Ərdahanı xüsusi iqtisadi zonaya çevirəcəyik”.
Bu, Kamal Kılıçdaroğlunun ilk yanlışı deyil. Bundan əvvəl də belə dil sürüşmələrinə məruz qalıb.
Həmin undulmaz yanlışlar:
Malatyada jurnalistlərə açıqlama verən Kılıçdaroğlu müxalifətin Millət İttifaqı yerinə Cümhur İttifaqının adını çəkmişdi.
Trabzonda isə peyğəmbərin məşhur hədisini unutmuşdu:
“Gəncliyi qorumasanız, qadına qarşı zorakılığa sussanız, onları bazarlıq masasına oturtsanız, Kamal bəy bunu bağışlamayacaq. Qadının başımızın üstündə yeri var. Çünki sevimli peyğəmbərimiz “cənnət qadının ayaqları altındadır” demişdi. Biz buna inanırıq”.
Peyğəmbər isə “Cənnət anaların ayaqları altındadır” demişdi.
Bir dəfə də kənd təsərrüfatı ilə bağlı planını açıqlayan Kılıçdaroğlu Konyanın Hollandiyadan daha böyük bir ölkə olduğunu söyləmişdi:
“Konya Hollandiyadan daha böyük bir ölkədir. Ərazi baxımından Hollandiyadan böyük ölkədir”.
Tez-tez dil sürüşmələri ilə gündəmə gələn Kılıçdaroğluna artıq Türkiyədə sosial şəbəkələrdə yeni ad da veriblər: “Türkiyənin Baydeni”.