Ukrayna ordusunun “Storm Shadow” uzaqmənzilli raketləri ilə Luqanska zərbələr endirməsi bu bölgədəki silahlı separatçıların keçmiş komandiri, polkovnik İqor Strelkov-Girkini təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, separatçı sözügedən raketlərin növbəti hədəflərinin Rusiya vilayətləri olacağını iddia edir.
Girkinin gələcəklə bağlı proqnozu ruslar üçün o qədər də optimist deyil. Onun qənaətinə görə, ukraynalılar indi öz arsenallarında topladıqları bütün silahlardan istifadə edəcəklər.
“Növbədə Rostovdur. Həm də təkcə Rostov yox”, - Girkin deyib.
Rusiya hərbçiləri iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Luqanska zərbə endirmək üçün “Storm Shadow” raketlərindən azı iki dəfə istifadə ediblər.
Bu gün səhər saatlarında Luqanskda partlayışlar baş verib. Luqansk Daxili İşlər Akademiyasının köhnə binası vurulub. 2015-ci ildən Rusiya hərbçiləri obyektin ərazisində yerləşdirilib. Ölənlər və yaralıların olduğu bildirilir.
Rusiya mənbələri Luqanskın “Storm Shadow” raketləri ilə vurulduğunu iddia edirlər.
Sözügedən raketlərin ötən günlərdə ABŞ və Böyük Britaniya tərəfindən Ukrayna Hərbi Hava Qüvvələrinə verildiyi bildirilir.