“Rusiya hərbçiləri Vladimir Putinin ofisindən əmr aldıqdan sonra Kaxov su elektrik stansiyasını (SES) partladıblar”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, ruslar anbarda suyun artmasını gözləyiblər və maksimum səviyyəyə çatdıqdan sonra bəndi partladıblar ki, zərər daha ciddi olsun.
“Saat 02:50-də rus terrorçuları əvvəlcədən - keçən ilin sentyabr-oktyabr aylarında qoyulduğunu güman etdiyimiz partlayıcı maddələrlə bəndi partladıblar. Çox güman ki, bütün bunlar dünən Moskvanın göstərişi ilə baş verib”, - Danilov söyləyib.
Ukrayna rəsmisi əlavə edib ki, bəndin partladılması Rusiyanın əvvəlcədən planlaşdırılmış əməliyyatıdır: “Bu, Rusiya hərbçilərinin planı olub və bu terror aktına dair əmr birbaşa Kremldən - Putinin kabinetindən verilib, belə göstərişlər heç bir yerdən, başqa səviyyələrdən verilmir”.
Kaxov SES iyunun 6-da partladılıb. Bəndin partlaması nəticəsində Ukraynanın cənubundakı bir sıra yaşayış məntəqələri su altında qalıb, insanlar və heyvanlar təxliyə edilir.
Ukrayna, ABŞ, İsrail, Avropa Birliyi, Böyük Britaniya baş verənlərə görə Rusiyanı günahlandırır. Kreml isə olayda iştirakını inkar edir.