Şimali Koreya lideri Kim Çen In müdafiə zavodlarına istehsalı artırmağı tapşırıb. Bu , Rusiya müdafiə naziri Sergey Şoyqunun Pxenyana səfərindən iki həftə sonra baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi CTAK məlumat yayıb.
Kim Çen In raket mühərrikləri, artilleriya, atıcı silahlar və digər silahlar istehsal edən bir sıra zavodların işini yoxlayıb və ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə istehsal gücünü artırmağı əmr edib.
Şimali Koreya liderinin son bir neçə gün ərzində çoxsaylı silah fabriklərinə gözlənilməz ziyarətləri Pxenyanın müxtəlif strateji və adi silahlar hazırlamağa çalışdığı və bir sıra silahları nümayiş etdirdiyi vaxta təsadüf edir.
İyulun 25-də Şoyqu Şimali Koreyaya gəlib. Rəsmi səbəb Koreyanın “Qələbə Günü”dür. Amma ekspertlər hesab edir ki, əsl səbəb Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah tədarükü ilə bağlı razılaşma cəhdidir.
Şoyqu SSRİ-dən bəri Moskvanın Pxenyana səfər edən ilk müdafiə naziri olub ki, bu da özlüyündə səfərin əhəmiyyətindən xəbər verir.
Kim Çen In BMT Təhlükəsizlik Şurasının koreyalılara istehsalını qadağan etdiyi ballistik raketləri Şoyquya göstərib.