Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub.
Teleqraf.com xəbər verir ki, zəlzələ nəticəsində 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində - Mədinədə çoxlu binalar dağılıb. Dünyanın hər yerindən gələn səyyahlar tərəfindən sevilən, qədim evlər arasında dolanan dar küçələr bir gündən artıqdır ki, daş qalaqları və şüşə qırıqları, müxtəlif istiqamətlərə çıxan armaturlar və damın qırıqları ilə doludur.
Bir çox orta əsr binalarının və mədəniyyət obyektlərinin, ekzotik restoranların və dizayner geyim mağazalarının cəmləşdiyi Mədinədə hər yerdə dağılmış divarlar və uçmuş fasadları görmək olar. Ötən gün UNESCO-nun nümayəndə heyəti bu kvartalda olub. Təşkilatın baş direktoru Audrey Azuley X sosial şəbəkəsində yazıb: “Bizim təşkilatımız mədəni irsə və təhsilə dəyən zərərin qiymətləndirilməsində, binaların təhlükəsizliyinin təmin edilməsində və bərpaya hazırlıqda Mərakeş hakimiyyətinə kömək edəcək”.
Lakin bəzi ekspertlər artıq etiraf edirlər ki, Mərakeşin mədəni, tarixi və memarlıq irsinə çox ciddi ziyan dəyib. Bir çox zərər çılpaq gözlə görünür. Belə ki, 2001-ci ildə UNESCO-nun şifahi və qeyri-maddi irsə daxil edilmiş məşhur Cemaa əl-Fna meydanındakı Harbuş məscidinin minarəsi demək olar ki, tamamilə uçub. Mərakeşin simvollarından birinin - 12-ci əsrdə tikilmiş, Məqribdə dini tikililərin etalonu kimi tanınan Kutoubia məscidinin 69 metrlik minarəsi zədələnib.
Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Kotbinin sözlərinə görə, zəlzələ qədim evlərdə saxlanılan maddi irsin bir hissəsini məhv edib. 19-cu əsrin ikinci yarısında tikilmiş, hazırda Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi və müxtəlif dövrlərə aid zəngin keramika kolleksiyasının saxlanıldığı Dar Si Səid sarayına ciddi ziyan dəyib.