Vaşinqtonla yanaşı, London da Pekini inandırmağa çalışır ki, Çin müttəfiqi Rusiyanı Ukraynaya qarşı işğalçı müharibəni dayandırmağa inandırsın. Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, Britanıya xarici işlər nazirləri son 5 ildə Çinə səfər etməmişdilər:
“Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi. Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanı “müstəqil dövlət” kimi tərənnüm edən hesabat hazırlamasıdır. Halbuki buna qədər Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Kleverli Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışdı. Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun işgüzar əlaqələrə təsir etmədiyini vurğuladı. O, Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izolyasiya edilməsinin yanlış olacağını bildirdi.
Kleverli Britaniya Baş naziri Rişi Sunakın G-20-nin Hindistanda keçiriləcək sammitində Çin lideri Si Cinpinlə görüşünün detallarını da müzakirə etməliydi. Amma Cinpin Hindistana getmədi. Digər tərəfdən, Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Sunak “Böyük İyirmilər” arasında Cinpinlə görüşməyən yeganə liderdir.
Aydındır ki, Pekinə bir səfərlə münasibətləri normallaşdırmaq çətindir. Bunu London da etiraf edir. Halbuki 2015-ci ildə Britaniyanın o zamanki baş naziri Devid Kemeron Cinpinlə badə qaldıraraq, münasibətlərin “qızıl dövr”ünə daxil olduğunu demişdi. Britaniyanın o zamanki maliyyə naziri Corc Osbörn Britaniyanı “Çinin Qərbdəki ən yaxşı tərəfdaşı” adlandırmışdı. Ancaq belə olmadı”.
Mərkəzin ekspertləri deyirlər ki, Çinin artan hərbi gücü, uyğurlara sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi:
“Buna Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyirçi qalmasını da əlavə etsək, London-Pekin münasibətlərinin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir.
Bu arada, Britaniya deputatlarından birinin köməkçisinin Çinin xeyrinə casusluqda şübhəli bilinərək həbs edilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Məlumata görə, onun fəaliyyət sahəsinə xarici siyasət məsələləri, o cümlədən Pekinlə münasibətlər daxil olub. Deputat köməkçisi bir müddət Çində yaşayıb. London polisi məhz həmin dövrdə onun Çin kəşfiyyatına cəlb edilməsindən şübhələnir”.