İspaniyadan başqa heç bir qərb ölkəsi Qəzza zolağında zorakılığın dayandırılmasından narahat deyil.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təəssüf ki, Qərbdə bir ölkə istisna olmaqla, heç kim bu problemin həlli ilə məşğul olmayıb. Bütün Avropa ölkələri susur. Müharibəni dayandırmaq üçün heç kim müdaxilə etmir. Yalnız İspaniyada vəziyyət müsbət istiqamətdə inkişaf edir. Orada hökumət qurulub. Gələn həftə baş nazir Pedro Sançeslə görüşüm olacaq. Onun Yaxın Şərqdə baş verənlərlə bağlı fərqli mövqeyi var. Biz susan ölkələrdən üz döndərə bilmərik. Bunu onlarla görüşüb, müzakirə edəcəyik. Onları Fələstinin tərəfinə necə cəlb etmək barədə düşünəcəyik.
Ötən həftə Almaniyaya səfərimiz oldu. Avropada nələrin baş verdiyini görürük. Xüsusilə İslam dünyası işğala səssiz qalmamalıdır. Qəzzanın süqutu İslam dünyasının birliyi və həmrəyliyi üçün dərin yara deməkdir. İsrailin Qəzzanı düşünmədən işğal etməsinə və beynəlxalq hüquq, insan haqları və etik dəyərləri nəzərə almayan hücumlarına susmaq və reaksiya verməmək utancvericidir. İslam dünyası birlik və həmrəylik ruhu ilə hərəkət etməli, bir yumruq olmalıdır”, - Ərdoğan vurğulayıb.