7 Dekabr 2023 19:26
3 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-dan F-16 alması təkcə bu ölkə üçün yox, NATO üçün də böyük əhəmiyyət kəsb edir. Vaşinqton bu satışı ən qısa vaxtda təsdiqləməlidir.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı general Filip Bridlav deyib.

Amerikalı general Türkiyənin alyansın ən mühüm müttəfiqlərindən biri olduğunu, Türk Hərbi Hava Qüvvələrinin NATO-nun bir çox əməliyyatlarına, Baltik dənizi və Şərqi Avropanın hava məkanının qorunmasına töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyə döyüş təyyarələri parkını yeniləmək və modernləşdirmək üçün dəstəklənməlidir:

“Türkiyə kimi böyük orduları olan böyük dövlətlərin ittifaqımızdakı digər müttəfiqlərimiz qarşısında öhdəlikləri var. Bu səbəbdən Türkiyə hərbi imkanlarını yeniləməli və gücləndirməlidir və bu imkanların NATO-nun qalan hissəsi ilə tam uyğunlaşmasını davam etdirməlidir.

Türkiyənin ən yaxşı F-16-ları almasını dəstəkləyirəm. Bu, Türkiyənin NATO daxilində daha təsiredici üzv olmasına imkan verəcək”.

Bridlav Türkiyə Hərbi Hava Qüvvələrinin NATO çərçivəsində üzərinə götürdüyü missiyaların icrasında ən müasir silah sistemlərinə sahib olmasının vacibliyini vurğulayıb.

Türkiyənin F-16 tələbi ilə bağlı Konqresdə davam edən müzakirələrə girmək istəmədiyini bildirən general ABŞ və Türkiyənin maraqlarının artıq üst-üstə düşmədiyi və Türkiyənin önəminin azalması ilə bağlı iddialarla qətiyyən razı olmadığını söyləyib:

“Türkiyə bizim üçün böyük və mühüm müttəfiqdir. Əlaqələrimizin miqyasını azaltmaq yox, daha da inkişaf etdirməyə çalışmaq lazımdır. Münasibətlərimizi daha da inkişaf etdirməyin bir aspekti Türkiyənin NATO ilə irəliləyişinə dəstək verməklə yanaşı, həm də hərbi imkanlarını, xüsusən də hava qüvvələrinin imkanlarını təkmilləşdirmək olmalıdır”.

Bridlav F-16-ların Türkiyə üçün böyük üstünlüklər təqdim etdiyini və bunların Ankaraya təhvil verilməsinin müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

General F-16-ların satışının mümkün olmayacağı ehtimalına qarşı Türkiyənin “Eurofighter” döyüş təyyarələri üçün Britaniya ilə danışıqlara başlamasına da toxunub. O, Türkiyə üçün başqa alternativlərin də olduğunun ABŞ-ın bilməsinin lazım olduğunu deyib.

“Bu cür tələblərə cavab verən təyyarələr başqa ölkələr tərəfindən də istehsal olunur. Əlbəttə, Türkiyə bunun doğru olacağına əmin olsa, bu yolu seçəcək. Türkiyə suveren ölkədir, qərarlarını müstəqil şəkildə özü verəcək”, - Filip Bridlav vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər