Belarus hərbçiləri zəruri hallarda mülki vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib.
Prezident xüsusən də sözügedən sənədin 11-ci maddəsinin dəyişdirilməsi barədə göstəriş verib.
Sənədin yeni redaktəsində bildirilir ki, hərbi qulluqçular mövcud vəziyyət, cinayətin xarakteri, inzibati xəta və cinayət törətmiş şəxsin şəxsiyyəti nəzərə alınmaqla öz tapşırıqlarını yerinə yetirərkən silahdan istifadə etmək hüququna malikdirlər. Bütün bunlardan əvvəl silahdan istifadə niyyəti barədə aydın və aşkar xəbərdarlıq edilməlidir. Gecikmənin hərbi qulluqçular və ya digər vətəndaşların həyatları üçün təhlükə yaratdığı və ya digər ağır nəticələrə səbəb ola biləcəyi hallar istisna olmaqla, pozucudan qeyd olunan tələblərin yerinə yetirilməsi üçün kifayət qədər vaxt da tələb olunur.
Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölümü barədə dərhal müvafiq prokurora, habelə istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş ziyana görə məsuliyyət daşımayacaqlar.
Əvvəllər 11-ci maddədə göstərilirdi ki, hərbi qulluqçular tərəfindən fiziki qüvvə, xüsusi vasitələr, silahlar, hərbi və xüsusi texnikadan səlahiyyət həddini aşaraq tətbiq edilməsi qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.