Şimali Koreyanın qanunverici orqanı Ali Xalq Məclisinin Daimi Komitəsi Cənubi Koreya ilə iqtisadi əməkdaşlığa dair bütün sənədləri ləğv etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Qərara əsasən, Koreyalararası iqtisadi əməkdaşlıq, Kumqan dağına (Şimali Koreyada yerləşir - red.) beynəlxalq turlar və Şimalla Cənub arasında iqtisadi qarşılıqlı fəaliyyət haqqında sazişlər qüvvədən düşüb.
2005-ci ildə qəbul edilmiş Koreyalararası İqtisadi Əməkdaşlıq Qanunu iki ölkə arasında iqtisadi əlaqələrin əsası hesab olunurdu.
Keçən ilin sonunda Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “düşmən” elan edərək, 70 ildən çoxdur gündəmdə olan “Koreyaların birləşməsi” ideyasından imtina edib. Kim bütün Cənubi Koreyanı darmadağın etməklə hədələyib.
Kim Çen In həmçinin Şimali Koreya Konstitusiyasını dəyişdirməyi və oradan Cənubla birləşmə haqda müddəanı çıxarmağı əmr edib. Eləcə də Pxenyada Cənubi Koreya ilə bağlı bütün qurumlar ləğv edilib. Kimin atasının inşa etdiyi simvolik “Birləşmə Tağı” sökülüb.