22 Fevral 10:21
5 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı-on il sonra Rusiya ilə NATO arasında hərbi toqquşmanın başlayacağı ilə bağlı proqnozlar optimistdir. Hər şey daha erkən başlaya bilər, bu, Ukraynadakı kimi müharibə olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Sumlennı deyib.

O qeyd edib ki, Kreml ənənəvi müharibədə NATO üzərində tam qələbənin mümkünsüzlüyünü mükəmməl bilir. Həmçinin Moskva da NATO-nun Rusiya ilə tam qələbəyə qədər döyüşmək istəmədiyini görür. Sumlennının fikrincə, indiki məqamda Rusiyanın alyans üzərində hərbi qələbəyə ehtiyacı yoxdur.

“Sadəcə, NATO-nun öz üzvlərini qorumaq iqtidarında olmadığını göstərmək lazımdır. Bunun üçün NATO-ya hərbi həmlə yerinə daxili siyasi qarşıdurmaya səbəb olmaq kifayətdir. İdeal fürsət NATO-nun əsas oyunçusu (ABŞ) zərərsizləşdirildikdə olacaq. Bunun üçün ruslar Donald Trampın seçilməsini gözləyir”, - ekspert bildirib.

Sumlennı Rusiya ilə NATO arasında mümkün toqquşmanın ssenarisinə də diqqət çəkib:

“Rusiya Baltikyanı ölkələr və ya Polşaya siyasi təzyiq göstərir. Eyni zamanda siqnal verir ki, biz hücum etmək istəmirik, ancaq öz maraqlarımızı qorumaq istəyirik. “Maraqlara hörmət” görmədikdən sonra lokal zərbələr vururlar. Deyirlər ki, Vilnüsə giririk, başqa heç nə lazım deyil, buna görə Üçüncü Dünya müharibəsini başlatmaq istəməzsiniz, elə deyilmi? Şantaj, təhdid, yalan, təhlükənin böyük ölkələrə aid olmadığı, yalnız “günahkar kiçik ölkələr”ə aid olduğu hissini təbliğ etmək...”.

Ekspertə görə, NATO belə bir gəlişmə zamanı kənarda qalsa, bir çox ölkələr üçün alyansa üzvlük şübhəli görünəcək. O qeyd edib ki, bu ssenari proqnoz deyil, Rusiyanın hadisələrin necə gedəcəyinə dair baxışıdır.

“Bunlar rus xəyallarıdır, əsassız olmadığını deyə bilmərəm. İndi bilmirəm, amma üç il əvvəl Şolz hansısa Vilnüs üçün döyüşməzdi”, - Sumlennı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər