Qərbin davam edən sanksiyaları səbəbindən Türkiyənin Rusiya ilə ticarəti yavaşlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Keçən il Türkiyənin Rusiyaya tədarüklərindəki artımdan ən çox faydalanan maşın ixracatçıları sürətlə genişlənən sanksiyalar siyahısı və hərbi məqsədlər üçün istifadə oluna biləcək mallara qarşı sərt tədbirlər səbəbindən bu il satışlarının 1 milyard dollar azaldığını bildirirlər.
Bank sistemi və təchizat zəncirlərinə artan təzyiq səbəbindən iri korporativ avadanlıq istehsalçılarının Rusiyaya maraqlarını qoruyub saxlamaları mümkün deyil”, - məlumatda deyilir.
Agentliyə görə, bu onu göstərir ki, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları müharibəyə baxmayaraq Moskva ilə iqtisadi əlaqələri saxlamağa çalışan Türkiyə kimi ölkələrdə də getdikcə təsirli olur.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, birinci rübdə Rusiyaya ixrac ötən illə müqayisədə 33.7 faiz azalıb.
İddiaya görə, artıq ruslar Türkiyədən neft ödənişləri üçün həftələrlə gözləməli olurlar.
Türkiyənin “Dortiol” neft terminalı artıq Rusiyadan idxalı qəbul etməyəcək.