Türkiyə ilə Yunanıstan arasında normallaşma prosesi davam edir. Bu dəfə iki ölkə Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlunun ATƏT-in baş katibi, yunan diplomatı Maniya Telalianın da bu qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, normallaşma prosesini irəli aparan Afina və Ankara ATƏT yeni müstəvidə addım atıb.
Yunanıstan mətbuatının yazdığına görə, xarici işlər nazirləri Hakan Fidan və Yorqo Yerapetritisin imzaları olan məktub ATƏT-in Avstriyanın paytaxtı Vyanadakı mənzil-qərargahına çatıb. ATƏT rəsmiləri Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin imzaladığı birgə məktubu görəndə xeyli təəccübləniblər.
Mayın sonunda, namizədlik üçün son tarixə bir neçə gün qalmış göndərilən məktubda Türkiyə və Yunanıstanın ATƏT-də iki son dərəcə mühüm postu tutmaq üçün ortaq namizədləri dəstəklədiyi yazılıb.
57 üzvdən ibarət ATƏT-in baş katibi postuna səfir Feridun Sinirlioğludan başqa daha 5 namizəd var.
Yunanıstan Xarici İşlər Nazirliyi sözügedən namizədlərə dəstək məqsədilə Türkiyə səfirlikləri ilə birgə tədbirlər təşkil etmək üçün xaricdəki səfirliklərinə yazılı təlimat göndərib. ATƏT-in dönəm sədri Malta sentyabra qədər bu iki mühüm vəzifəyə kimin təyin ediləcəyi ilə bağlı hesabatı təşkilata təqdim edəcək.