21 İyun 11:40
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrində hərbçilərin tərxis olunması üçün heç bir zəmin yoxdur, cəbhədə iki ildən artıq döyüşən təcrübəli döyüşçülərə ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri İqor Klimenko deyib.

“O adamları, məsələn, 2 il xidmət etmiş şəxsləri tərxis etsək, o zaman cəbhə dağılacaq, bölmələr zəifləyəcək. Bölmələrin döyüş qabiliyyətini yeniləməliyik, aktiv briqadalar və batalyonların rotasiyası zamanı ən azı buna bərabər əvəzedicimiz olmalıdır. Cəbhəni dağıtmağa haqqımız yoxdur”, - nazir vurğulayıb.

Klimenko qeyd edib ki, uzun müddət döyüşən və tərxis olmaq istəyən hərbçiləri anlayır, amma cəbhə və bütövlükdə Ukraynadakı vəziyyət hələlik buna imkan vermir. Cəbhəyə təcrübəli hərbçilər lazımdır.

Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü İrina Friz söyləyir ki, növbəti 3-4 ayda səfərbərlikdə müsbət dinamika olarsa, oktyabrda tərxis məsələsinə baxmaq mümkün olacaq.

Uzun müddətdir Ukrayna ordusunun sıralarında döyüşən hərbçilərin tərxis edilmədikləri üçün şikayətlənmələri barədə yerli mediada məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu