Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs razılaşması üzrə istənilən danışıqlarda iştirakdan imtina edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Rusiya lideri iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Ukraynada atəşkəs perspektivləri və danışıqların mümkünlüyünü şərh edib.
“Bu cür danışıqlara maraq göstərmək əvəzinə, o, atəşkəslə bağlı istənilən prosesi açıq şəkildə rədd edir. Putin əvvəllər Ali Radanın Rusiyanın danışıqlar apara biləcəyi yeganə legitim qurum olduğunu desə də, indi dialoq üçün mümkün təmas nöqtəsi kimi bu qurumu da qəbul eləmir. Putin Ukraynanın bütün idarəetmə qurumlarını qeyri-qanuni və ya danışıqlar üçün yararsız adlandırır, üçüncü tərəfin danışıqlar ideyasını da rədd edir”, - ISW yazır.
ABŞ analitiklərinin fikrincə, Rusiya prezidenti hər hansı atəşkəs razılaşması üçün Ukraynanın demilitarizasiyası tələbini irəli sürür.
“Putin iddia edir ki, Rusiya Ukrayna hərbçilərinin öz qüvvələrini bərpa etmək üçün atəşkəsdən istifadə etməsinə icazə verə bilməz. ISW əmindir ki, Rusiya atəşkəsdən sonra yaranmış fasilədən öz qüvvələrini yenidən qurmaq və genişləndirmək, Ukraynanı məhv etməyə yönəlmiş hücumlar üçün müdafiə və sənaye bazasını daha da səfərbər etmək naminə istifadə edəcək.
“Putinin atəşkəs razılaşmasını rədd etməsi göstərir ki, o, Qərbin Ukraynaya dəstəyinin qarşısını alaraq, müharibədə qalib gələcəyinə və Kiyevin təslim olacağına əmindir”, - ABŞ institutu qeyd edir.