Müdafiə və təhlükəsizlik qurumlarının rəhbərləri ilə Ukrayna ilə bağlı gedişatı gündəlik koordinasiya edirik və Amerikanın uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə ehtiyac görmürük.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə zərbələr endirmək üçün ABŞ-nin uzaqmənzilli silahlarından istifadə etməsinə icazə verilib-verilməyəcəyi ilə bağlı suala cavabında Bayden cavab verib ki, Amerika ordusu bunun mümkünlüyünü görmür.
“Rusiyanın sərhəd bölgələrində Amerika silahlarının istifadəsinə icazə verdik. Bunu məhdudlaşdırmalıyıqmı? Məsələn, Zelenskinin Moskvaya, Kremlə zərbələr endirmək imkanı varmı? Bunun mənası varmı? Yox. Məsələ əlində olan və bizim verdiyimiz silahlardan necə yaxşı istifadə etməklə bağlıdır”, - ABŞ lideri qeyd edib.
O əlavə edib ki, ABŞ Ukraynaya çoxlu sayda uzaqmənzilli zərbələrə imkan yaradan raketlərlə yanaşı, müdafiə vasitələri də verib.
“Hərbçilərimiz və mən Baş Qərargah rəisi, müdafiə naziri və kəşfiyyatçılarımızın tövsiyələrinə əməl edirik, hər gün nə etməli və nə etməməli, nə qədər irəli gedə biləcəklərinə qərar veririk. Ən məntiqlisi budur”, - Bayden vurğulayıb.