Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində 10 kilometr dərinliyə qədər irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
“Avqustun 6-7-də yayımlanan peyk kadrları Ukrayna zirehli texnikalarının beynəlxalq sərhəddən 10 kilometr aralıda 38K-030 şossesi ilə irəlilədiyini göstərir. Hücum əməliyyatlarının miqyası sübut edir ki, Ukrayna qüvvələri Rusiyanın iki müdafiə xətti və bir bazasını yarıb”, - məlumatda deyilir.
ISW-nin məlumatına görə, Ukrayna qoşunları Kursk vilayətində 45 kvadrat kilometr ərazini işğal edib. Söhbət 11 yaşayış məntəqəsindən (kənd) gedir.
Rusiya Müdafiə Nazirliyi hücumun qarşısının alındığını, bölgədə sabitliyin təmin edildiyini və Ukrayna qüvvələrinin geri çəkildiyini açıqlayıb. Teleqram kanalları isə durumun ağır olaraq qaldığını yazır. Bu gün səhər saatlarında Kurskda raket hücumu xəbərdarlığı edilib.
Rusiya Prezidenti Vladimir Putin dünən vəziyyətin ağırlaşmasından sonra hökumət üzvləri ilə təcili toplantı keçirib.