13 Avqust 10:20
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyətə görə məsuliyyəti rəsmilər və hərbçilərinin üzərinə atmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri deyiblər.

Rusiya lideri dünən Belqorod, Bryansk və Kursk vilayətlərindəki durumla bağlı hərbçilər və rəsmilərlə toplantı keçirib və vəziyyətə qiymət verib. O, iştirakçıları danlayıb. Putinin fikrincə, Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələləri müzakirə edir və ona yalnız sosial-iqtisadi durumla bağlı danışmağı əmr edib. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz hərbi məsələlərə münasibət bildirmədiyi üçün Putinin qəzəbindən yayınıb.

İnstituta görə, Kreml Bryansk, Belqorod və Kursk rəhbərlərinin Putinə məruzələrinin videoyazılarını xüsusi olaraq dərc edib ki, öhdəsindən gələ bilməyən problemlərə görə onların məsuliyyət daşıdıqları açıq şəkildə ifşa edilsin. Amma Rusiya hərbi komandanlığı ilə bağlı hesabatlar yayımlanmayıb.

“Kremlin Putinin Rusiya rəsmilərini cəzalandırdığı videoyazısını dərc etmək qərarı digər rəsmilərə Kursk vilayətindəki vəziyyəti şərh etməkdən çəkinmələri üçün xəbərdarlıqdır”, - təhlildə vurğulanır.

ISW Putinin toplantıda özünü Ukrayna-Rusiya sərhədi boyunca vəziyyətdən əsas məlumatlı şəxs kimi ön plana çıxardığını da iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu