Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnamə Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müxalifətin xeyrinə müdaxilədir.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Bu, ölkənin daxili işlərinə qarışmaq olmaqla yanaşı, həm də seçkilərə “Milli Hərəkat”ın (eks-prezident Mixail Saakaşvilinin partiyası) xeyrinə təsir göstərmək cəhdidir”, - katib bildirib.
Onun sözlərinə görə, qətnamə həm də Gürcüstan hakimiyyətini Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırır.
“Bu o deməkdir ki, iqtisadi baxımdan Gürcüstan pandemiya dövründəkindən ən azı iki dəfə pis vəziyyətdə olmalıdır”, - Mdinaradze əlavə edib.
Oktyabrın 9-da AP Avropa Birliyinin Gürcüstana ayırdığı maliyyənin dondurulması və hakim partiyanın qurucusu Bidzina İvanişvili də daxil olmaqla, bir sıra rəsmilərə sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni dəstəkləyib. Sənəddə Gürcüstanın “Xarici agentlər haqqında” qanunu və bu ölkədə LGBT təbliğatına qadağa qoyulması da tənqid edilir.