Avropa İttifaqı (Aİ) 2025-ci il fevralın 24-də - Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının ildönümündə Rusiyaya qarşı yeni, 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-dəki diplomatik mənbələrə istinadən "Welt am Sonntag" qəzeti məlumat yayıb.
Məlumatlı diplomatlar nəşrə bildiriblər ki, yeni paket Moskvaya "aydın siqnal” kimi nəzərdə tutulub və Rusiya iqtisadiyyatının indiyədək tamamilə və ya kifayət qədər əhatə olunmayan xüsusi sektorlarına qarşı tədbirləri ehtiva edəcək. Bundan əlavə, yeni sanksiya Moskvanın mövqeyini yayan və Ukraynanın ərazi bütövlüyünü pozan şəxslərə və təşkilatlara qarşı əlavə tədbirləri də əhatə edəcək. "Welt am Sonntag" yazır ki, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti, həmçinin yeni şəxsi sanksiyalar tətbiq etməyi planlaşdırır, yəni bəzi şəxslərin, o cümlədən Almaniyaya giriş qadağaları və aktivlərinin dondurulması kimi məslələr sanksiyanın daxilində yer alır.
Qəzet xatırladıb ki, bu həftə Avropa İttifaqının sammiti zamanı Macarıstanın Baş naziri Viktor Orban yeni sanksiyaları təsdiqləməkdən imtina edib və Aİ liderlərinə yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək və yalnız bundan sonra qərar qəbul etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Aİ artıq Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib, onların qüvvədə olma müddəti indiyədək demək olar ki, hər altı aydan bir avtomatik uzadılır.