12:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yanvarın 20-də Ağ Evin rəhbəri vəzifəsinə başlayacağı gün Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasını tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın geri çəkilməsi ÜST-ni əsas maliyyə mənbəyindən məhrum edəcək və fövqəladə halların öhdəsindən gəlmək qabiliyyətini zəiflədəcək. Bayden administrasiyası zamanı Ağ Evin koronavirusla mübarizə üzrə keçmiş koordinatoru Aşiş Jha Vaşinqtonun Trampın səlahiyyət müddətinin ilk günündə təşkilatdan çıxmasının onun çevrəsindəki bir çoxları tərəfindən simvolik bir hərəkət kimi qiymətləndirildiyini söyləyib. O, həmçinin bildirib ki, yeni seçilmiş ABŞ prezidentinin komandasının bir hissəsi yalnız Vaşinqtonun iştirakı ilə ÜST-də islahatlar aparmaq istəyib, lakin təşkilatla əlaqələrin kəsilməsinin tərəfdarları daha təsirli imkana malik olublar.

Xatırladaq ki, Tramp 2020-ci ildə bəyan etmişdi ki, Vaşinqton ÜST ilə əlaqələri tamamilə dayandırmaq niyyətindədir, çünki onun rəhbərliyi Amerika administrasiyasının təkid etdiyi dəyişiklikləri həyata keçirməkdən imtina edir. Eyni zamanda Tramp ÜST-ni Çinin tam nəzarətində olmaqda günahlandırıb. Trampın sözlərinə görə, Çin hakimiyyəti və ÜST rəhbərliyi koronavirusun yayılması ilə bağlı müvafiq tədbirlər görməyib. Bayden 2021-ci ildə ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Trampın bu qərarını ləğv edib.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər