Qabil Hüseynli: "Ərdoğan yeni hökumətin qurulmasına imkan verməyəcək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni, sayca 63-cü hökumətin formalaşdırılmasını Baş nazir Əhməd Davudoğluna həvalə edib. Bu barədə Baş nazirin mətbuat katibi İbrahim Kalın bildirib.
Qeyd edək ki, yeni parlament 45 gün ərzində Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb təsdiq etməlidir. Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq vaxtından əvvəl seçkilər təyin etməlidir.
Əhməd Davudoğlu koalision hökumətin formalaşması məqsədi ilə parlamentdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) rəhbərləri ilə görüşlər keçirəcək.
Elə dünən AKP-nin Baş katibi Əhməd Davudoğlu koalisiya qurulması istiqamətində görüşlərə başlayıb. Ə.Davudoğlu ilk görüşü CHP-nin əsas binasında Kamal Kılıcdaroğlu ilə keçirib.
Bu gün Əhməd Davudoğlu MHP-nin Baş katibi Dövlət Baxçalı, iyulun 15-də isə HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksəkdağla görüşəcək.
Bəs, bu görüşlər nəticəsində hər hansı nəticəyə gəlmək mümkün olacaqmı? Türkiyədə qurulacaq yeni hökumətin Azərbaycanla bağlı mövqeyi nədən ibarət olacaq?
Politoloq Qabil Hüseynli bildirib ki, AKP, onun keçmiş sədri, indiki Prezident Rəcəb Tayyib Ərdoğan hər vasitə ilə hökumət qurulması prosesinin baş tutmamasına və ölkənin yenidən seçkilərə getməsinə çalışır. Onun sözlərinə görə, bununla əlaqədar olaraq hələ ki partiya sədrlərinin, liderlərin danışıqlarında konsensus elementləri həddən artıq azdır: "Lap bu yaxınlaradək hesab edirdilər ki, MHP ilə AKP-nin birgə hökumət təşkil etmələri artıq yüz faizlikdir. Hər şey sona yaxınlaşmağa başlayıb. Sonradan elə ki, MHP özünün şərtlərini sadaladı, o zaman MHP-yə olan maraq tamamilə ötdü. Qeyd edim ki, həmin şərtlərə prezidentin səlahiyyətlərinin konstitusiyada yazıldığı kimi yerinə yetirilməsinə nail olunması, eləcə də, ölkədəki rüşvət olaylarının araşdırılması və digər bu kimi AKP-nin törətdiyi, lakin AKP-nin üstündən keçə bildiyi məsələlər daxil idi. Sonra isə CHP-yə yönəldilər. Doğrudur, CHP əvvəlcə 14 prinsip irəli sürmüşdü və bildirirdilər ki, onlar bu prinsiplərdən qətiyyən geri çəkilə bilməzlər. Bu prinsiplərin içində də az öncə qeyd etdiyim prinsiplər var idi və çox prinsipial bir görüntü yaradırdı. Amma indi CHP bildirir ki, ötən ilin dekabrında baş vermiş rüşvət olaylarını araşdırmağın üstündən vaz keçə, konsensus və həmrəylik naminə bir sıra məsələləri tələb etməyə bilər. Yəni, həddindən artıq güzəştli bir mövqe tutur və Dövlət Baxçalı da bunu nəzərdə tutaraq qeyd edərək AKP-CHP koalisiyası an məsələsidir. Amma zənnimcə, bu da həqiqəti əks etdirmir. Çünki AKP CHP-yə, xüsusən Kamal Kılıcdaroğluna inanmır. Çünki belə hesab edirlər ki, çətini koalisiyanın qurulmasına qədərdir. Koalisiya qurulduqdan sonra CHP yenə o 14 müddəanın 14-nü də gündəmə gətirəcək. Özü də danışıqlar prosesində CHP daha çox portfel istəyir. Yəni, hökumətin az qala yarıbayarı bölünməsini istəyir. Bu səbəbdən də CHP ilə danışıqlarda guya pozitiv məqamlar, irəliləyişlər olduğunu söyləyirlər. Amma, əslində, vaxt aparırlar. Hər vəchlə çalışırlar ki, CHP-dən də hər hansı ortamı pozan, AKP-ni qəzəbləndirən bir bəyanat eşidib yenə də danışıqların baş tutmadığını qeyd etsinlər və beləliklə, seçkilərə getsinlər".
Q.Hüseynlinin sözlərinə görə, iş o yerə çatıb ki, MHP başqanının müavini, millət vəkili Atilla Kaya Azərbaycan mətbuatına verdiyi müsahibəsində bir çox məsələlərə toxunsa da, həmin müsahibədə əsas fikir MHP-nin yeni seçkilərə tam hazır olması ilə bağlıdır: "Atilla Kaya bildirirb ki, MHP işini o istiqamətdə qurub. Attila Kaya da sətiraltı bildirir ki, Ərdoğan yeni hökumətin qurulmasına imkan verməyəcək. Çünki keçirilən sosioloji sorğuda onların AKP-nin səs faizinin 42-dən 45-ə yüksəldiyi görünür. Üstəlik, nəzərə alsaq ki, AKP yerli orqanlara seçkilər zamanı xeyli saxtakarlıqlara yol vermişdi və bu saxtakarlıq mexanizmi də nəzərə alınsa, yeni seçkilərin keçirilməsi zənnimcə, Türkiyəyə heç bir xeyir verməyəcək və artıq məsrəf itkilərinə gətirib çıxaracağı gözlənilir. Ona görə də partiya liderləri məsuliyyət hiss etməlidir. Əlbəttə, birinci məsuliyyət AKP-nin liderlərinin, prezidentin üzərinə düşür və ölkədə hökumətin dərhal qurulmasına şərait yaratmalıdırlar".
Türkiyədə qurulacaq yeni hökumətin Azərbaycanla münasibətlərinin necə olacağına gəldikdə isə, politoloq deyib ki, iki dost və qardaş ölkənin münasibətləri o qədər sıxdır ki, hansısa hakimiyyətlərin dəyişməsi ilə bu münasibətlərə heç bir xələl gələ bilməz.
Səxavət HƏMİD