Rusiya prezidenti Vladimir Putinin baş nazir Dmitri Medvedevlə birgə keçirdiyi ötən bazar günü geyindiyi idman şalvarının qiyməti 82 500 rubl (1 238 dollar) imiş.
Putin əvvəllər də Rusiyada "maço" imicinə sahib idi. Onun şəkilləri balıq tutanda, at üstündə, çox vaxt da üst gövdəsi çılpaq vəziyyətdə gəzib ov edəndə dəfələrlə çəkilib.
Bu mənada onun ötən bazar günü geyindiyi "finka" da adi bir şey kimi görünə bilərdi, əgər ictimaiyyəti heyrətləndirən qiyməti olmasaydı.
Çoxları üçün bu, hətta onun sözçüsü Dmitri Peskovun qolundakı saatdan da təəccüblü görünüb.
Əslində Loro Piana şirkətinin idman şalvarlarının baha olduğu bəllidir. Bu dizayner kolleksiyasından finkaların qiyməti adətən min dollardan yuxarı olur.
Dimtri Medvedevin idman libası şərhçiləri bir elə də ilhamlandırmayıb.
BBC müəyyən edib ki, onun əynində çox güman ASOS Skinny Joggers markasından 2 800 rublluq (42 dollar) triko olub.
Bəzi bloqerlər özlərinin yarıhirsli, yarıgülüşlü şərhlərində Putinin şalvarını belə lağa qoyublar:
“Nə? Putin 1488 dollarlıq şalvar geyinib? Axırı ki, ələ keçdi...!” – yazır Scotchh adlı istifadəçi.
"Hə də 84 min rublluq şalvarla Peskovun yanında utanmadan durmaq olar" – deyə istehza edir “Korrupsiya ilə Mübarizə Fondu”nun əməkdaşı Vladislav Naqanov.
"Obama Putin kimi olmaq üçün çətinlik testi və 1495 dollarlıq idman şalvarı axtarır” – yazır Mişa Beryozin.
"İdmana Qavrila pul xərcləyirdi, Qavrila idmanı yaman sevirdi” – deyilir “Qavriliada” parodiya hesabında.
“Sobaka” adlı istifadəçi həmişə olduğu kimi bu dəfə zəhər tvitlərindən birini göndərib: “Putin, əynindəki treniki yetimlərə, ya da blokadniklərə ver”.
“KİV-in mümkün şübhələrini önləmək üçün, etiraf etməliyəm ki, mənim idman zalı üçün futbol maykamın qiyməti 199, şortumun qiyməti isə 399 rubldur” – yazır Nikolay Strukov.
Dünyanlın müxtəlif ölkələrində siyasətçilər və ulduzlar adətən idman şalvarlarının seçiminə elə də böyük əhəmiyyət vermirlər.
Adidasın üçqırçınlı klassik şalvarları hətta firma mağazalarında da 45 dollardan bahaya satılmır.
Belə şalvarlarda ictimaiyyət qarşısına bəzən Böyük Britaniyanın baş naziri Tony Blair çıxardı.
Lakin buna baxmayaraq idman şalvarlarını (qalınlığına görə) yay və qış şalvarlarına ayırmaq olar.
Skandinaviya monarx ailələrinin üzvləri də idman şalvarlarını çox xoşlayırlar.
Amerikanın Stylecaster dəb bloqu hətta idman şalvarları geyinmiş ulduzların şəkillərindən ibarət səhifə dərc edib. Burada qeyd olunur ki, idman geyimində bir çox tanınmışları tanımaq olmur.
Bloq modaçıların diqqətinə müğənni Richi Martin, aktrisa və model Cara Delevingne, "Call Me Maybe" hitinin ifaçısı Rae Jepsen və başqaları tuş gəliblər.
Hesab olunur ki, müasir idman şalvarlarını ilk dəfə 1920-ci ildə Fransa toxucusu Emile Camuset icad edib. O indi də populyar olan Le Coq Sportif (İdmançı xoruz) brendli geyimin müəllifidir.
Onun idman kostyumu nazik yundan tikilmişdi.
Müasir dünyada idman şalvarları üçün parçalar təbii də ola bilər, sintetik də. Bunun üçün adətən pambıq liflərlə poliesterin qarışığından istifadə edilir. Belə bir qarışıq parçadan həm 55 dollara satılan American Apparel, həm də Yaponiyanın 30 dollarlıq innovasiyalı tərlədən Uniqlo pantalonları hazırlanır.
Görünür, ən dəbdəbəli dizaynerlərin idman şalvarlarına etinasız münasibətinə görədir ki, belə şalvarların 10 min rubldan (150 dollar) bahasını tapmaq doğrudan da asan məsələ deyil.
Buna görə də əgər Putinin əynindəki idman şalvarının qiyməti təsdiq olunsa, deməli Rusiya liderinə doğrudan da çox bahalı hədiyyə ediblər.