Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurası sanksiya siyahısından üç BBC jurnalisti və digər xarici nəşrlərə işləyən üç müxbirin adının çıxarılacağını bildirib. “Bizə BBC jurnalistlərinin sanksiya siyahısından çıxarılacağını bildiriblər və biz bu addımı salamlayırıq", - BBC sözçüsü bildirib.
Bundan əvvəl Prezident Petro Poroşenko Rusiya və “Krımın ilhaqı ilə Donbasdakı təcavüzkarlığa” aidiyyatı olan digər ölkələrə qarşı yeni sanksiyalara imza atıb. Ukrayna hökuməti tərəfindən hazırlanan yeni “qara siyahıya” Rusiyanın dövlət rəsmiləri, mədəniyyət və ictimai xadimlər, habelə Ukraynanın şərqi Donbas bölgəsindəki separatçı liderlər daxildir.
Bundan başqa siyahıya bir neçə xarici jurnalistlə yanaşı BBC əməkdaşlarının adları da salınıb.Cümə günü ATƏT o cümədən jurnalistlərə aid edilən sanksiyaları pisləyib. Ukraynanın informasiya naziri etiraf edib ki, jurnalistlərin də adı olduğu sanksiya siyahısı dəyişikliklər tələb edir.
"Mən hökumətin terrorçuluqla mübarizə aparmaq, öz və vətəndaşlarının təhlükəsizliyini qorumaq üzrə qanuni haqqına hörmətlə yanaşıram. Lakin jurnalistlərin sərbəst hərəkətini əngəlləyən daha geniş məhdudiyyətlərin tətbiqi təhlükəsizliyi təmin etmək üsulu deyil", - ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic deyib. Çərşənbə günü Ukrayna prezidentinin rəsmi saytında dərc edilən sanksiyalar viza qadağaları, bank hesabları və mülkiyyətin istifadəsinə məhdudiyyətləri nəzərdə tutur.
388 nəfərin adı olduğu siyahıya 100-dən artıq hüquqi şəxs də salınıb. Prezident Petro Poroşenko saksiyalar barədə danışarkən qərarın "Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və digər ölkələrdən olan tərəfdaşlarla birgə" verildiyini bildirib.
Ukraynanın hazırladığı sanksiyalar siyahısında o cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya Konstitusiya məhkəməsinin sədri Valeri Zorkin və Dövlət Dumasının spikeri Sergey Narışkinın adlarını görmək alır. Siyahıda həmçinin bir neçə xarici jurnalistin və o cümlədən BBC əməkdaşlarının adları da var. BBC xarici xəbərlər şöbəsinin redaktoru Andrew Roy bildirib ki, "bu sanksiyalar tamamilə yersizdir və media azadlığına biabırçı hücumdur".
“Ukraynadakı vəziyyəti qərəzsiz və obyektiv işıqlandıran BBC jurnalistlərinə qarşı sanksiyalar yersiz və anlaşılmazdır və biz Ukrayna hökumətini onların adlarını dərhal siyahıdan çıxarmağa səsləyirik”.
Çərşənbə günü Kiyevdə çıxış edən Petro Poroşenko deyib ki, Şərqi Ukraynadakı üsyançıların seçki keçirmək qərarı sülh prosesinə "böyük təhlükə" yaradır. Tanınmamış Donetsk Xalq Respublikasının lideri bir müddət əvvəl bəyan edib ki, seçkilər oktyabrın 18-də baş tutacaq. Sanksiyalar Rusiyanın əksər iti aviaşirkətlərinə aid edilir.
Qonşu üsyankar region Luhansk isə seçkiləri noyabrın birində təşkil etmək istəyir.
Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən Kiyev hökuməti bu cür səsvermələrin fevral ayında Minskdə imzalanmış sülh razılaşmasının pozulması kimi dəyərləndirir. Razılaşmaya görə, üsyançıların nəzarətində olan rayonlarda seçkilər yalnız Ukrayna qanunvericiliyinə əsasən keçirilə bilər. Öz növbəsində rusiyayönlü üsyançılar və rəsmi Moskva da Ukraynanı razılaşmaya uyğun davranmamaqda günahlandırıb. 2014-cü ilin aprel ayında Rusiyanın Krım yarımadasının ilhaqından bir ay sonra şərqi Ukraynada başlayan münaqişədə 8 minə yaxın insan həyatını itirib. Ukrayna və Qərb Rusiyanı şərqi Ukraynadakı separatçıları silahlandırmaqda və əraziyə qoşunlar göndərməkdə ittiham edir. Moskva bunu təkzib edir, amma etiraf edir ki, Rusiya "könüllüləri" üsyançılarla birgə döyüşür.