MDB Parlamentlərarası Assambleyasının (PA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının əməkdaşları Belarusun Azərbaycandakı səfirliyində seçki prosesini izləyiblər.
Təşkilatdan APA-ya verilən məlumata görə, Belarusdakı prezident seçkilərinin təşkili və səsvermənin keçirilməsinin müşahidəsi məqsədilə Belarus Mərkəzi Seçki Komissiyası tərəfindən beynəlxalq müşahidəçilər qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakıda yerləşən səfirlikdə təşkil olunmuş 78 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.
Belarusun Seçki Məcəlləsinə əsasən, seçki məntəqəsi 08:00-da açılıb. Seçicilərin əsas siyahısına 35 seçici daxil olub. Səsvermə prosesi saat 20:00-dək davam edəcək.
Səsvermənin müşahidəsi zamanı MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı pozuntu qeydə alınmayıb.
Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir.