13 Dekabr 2015 17:42
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçu qruplaşmasına qarşı havadan müharibə səmərə vermir.

Qlobal münaqişələr üzrə ekspert, professor Paul Rogers deyir ki, özünü İŞİD adlandıran qruplaşmaya qarşı havadan müharibə səmərə vermir. O, bu silahlı qruplaşmanın böyüməsinin cilovlanması üçün Qərbin görməli olduğu alternativ tədbirlərdən danışır.

Cihadçı təşkilata qarşı İraq və Suriyada havadan müharibə səmərə vermir. Əgər region miqyasında baxılarsa, İŞİD bir il bundan əvvəlkindən heç də zəif deyil və təzə səfərbərlər cəlb etməkdə davam edir.

Bu, Bradford Universitetinin professoru, Oksford Tədqiqat Konsaltinq qupunun münaqişələr üzrə eksperti Paul Rogersin düşüncələridir.

O BBC-yə deyib ki, koalisiyanın İŞİD hədəflərinə zərbələri gücləndirməsinə baxmayaraq, bu təşkilatın səfərbərlik qabiliyyətinə bir elə də təsir etmir.

O deyir ki, ABŞ hərbiyyəsinin rəqəmlərinə görə 15 aylıq hava müharibəsi nəticəsində 20 min İŞİD tərəfdarı öldürülüb.

“Amerika kəşfiyyat agentliklərinin verdiyi başqa qiymətləndirmələrə görə isə 15 ay əvvəl İŞİD-ə qoşulan səfərbərlərin sayı 15 min nəfər olub. Hazırda bu rəqəm 30 mindir”.

Ötən ilin sentyabr ayından bəri koalisiya qüvvələri İD üzərinə hava zərbələri endirir.

Səfərbərlik uğurunun bir səbəbi də İslam Dövləti təbliğatında ABŞ tərəfindən aparılan kampaniyanın İslam üzərinə səlib təcavüzü kimi təqdim olunmasıdır.

Professor Rogersin fikrincə, İD üçün belə təqdimatı asanlaşdıran bir də odur ki, Səudiyyə Ərəbistanı, İordaniya, Əmirliklər, habelə Belçika və Danimarka koalisiyadan ya çıxıblar, ya da ona minimum töhfə verirlər.

Hazırda İD də taktikasını dəyişərək diqqətini təkcə qondarma xilafət üçün ərazilərin fəth edilməsinə deyil, həm də Liviya, Tunis və başqa ölkələrdəki toxumları vasitəsilə transmilli hərəkata çevrilməyə yönəldir.

Lakin Qərbin davakar İslamın qarşısını ala bilməsi üçün mümkün tədbirlər vardır. Professor Rogersin İD-in böyüməsini cilovlamağa dair təklif etdiyi beş addım bunlardır.

1. Qaçqınlar üçün yardım

“Ən mühüm olanı münaqişə ölkələrinin qonşuluğundakı ölkələrdə yığılmış çox sayda qaçqına çevik yardımın göstərilməsidir. Hazırda İordaniya, Livan və Türkiyəyə yığılmış 3 milyonadək qaçqın var. Qışın gəldiyi bir vaxtda Livan və İordaniyadakı vəziyyət xüsusiə ağırdır. Buradakı qaçqınlara cəld yardım göstərilməsi ən mühüm məsələdir. Yoxsa, bu vəziyyət daha böyük sabitsizliyə yol aça bilər”.


Suriyada miyonlarla qaçqın yeni döyüşçülərin cəlb olunması üçün münbit mühitdir.

Belə bir şəraitdə İD-in çarəsiz insanları səfərbər etməsi asan olacaq.

2. İraqda kompromis

“İraqda və Suriyadakı sünni və şiə icmaları arasındakı gərginlik İD-ə imkan verir ki, o, özünü Sünni İslamın əsl müdafiəçisi kimi təqdim etsin”.

“Odur ki, Bağdaddakı (əsasən şiə) Abadi hökumətini Sünni azlıqla daha üzüyola olmağa sövq etməyə ehtiyac var. Əks halda sünnilər dəstəyi İD-də axtaracaqlar.”

3. Liviyada sülh

Liviyadakı müharibə də İD-i qidalandıran qeyri-sabitliyə töhfə verir.


Münaqişə İŞİD qrupuna yeni döyüşçü səfərbər etmək üçün zəmin yaradır.

“Biz Liviyada sülhə keçilməsi üçün BMT səylərini gücləndirməliyik. Əgər bunu edə bilməsək, Liviya daim qan verən yaraya çevriləcək”.

4. Suriya üçün danışıqlar

Suriya münaqişəsi İD-ə həqiqətən də səfərbərlər cəlb etməkdə yardım edir. “Suriya müharibəsinin özünü başa çatdırmaq üçün hər hansı bir şəkildə kompromis lazımdır. Burada indi kiçik bir ümid işartısı var, çünki səudlar və iranlılar hal-hazırda, heç olmasa Vyanada kövrək danışqılara başlayıblar. Bu prosesdə ruslar, amerikalılar və başqaları da iştirak edirlər. Lakin bu, uzun yolda yalnız ilk addım ola bilər”.

5. Misirdə repressiyalara son qoyulması

“Mən bunu da deməliyəm ki, Qahirədəki Sisi hökuməti İslam müxalifətinin hər hansı bir formasına qarşı çox güclü repressiya tətbiq edir. Düşünürəm ki, bu, çox təhlükəlidir və İŞİD üçün yeni bir dəstəyi coşdura bilər”.


Müəllif:

Oxşar xəbərlər