"Rusiyaya məxsus döyüş təyyarələri müxaliflərin nəzarətindəki bölgələrdə xəstəxanaları bombalayır".
Teleqraf.com xəbər verir ki, bununla bağlı İngiltərənin "Financial Times" qəzetində yazı dərc edilib. "Qərb Putini dayandırmalıdır" başlıqlı yazıda Rusiyanın Suriyadakı əməliyyatları təhlil edilib.
Təhlildə bildirilib ki, Putin rus əsgərlərinin gücündən uzun müddətdir amansızlıqla istifadə edir:
"Rusiyanın havadan dəstəyi ilə Əsəd ordusu Hələbi bombalayır. Dinc sakinlər xəsarət alır, həlak olur. Rusiyanın bu fəaliyyəti bütün Qərbi hərəkətə keçirməlidir. Bugünkü vəziyyət Türkiyə və Rusiya arasında müharibəyə və minlərlə miqrantın Avropaya axın etməsinə səbəb ola bilər.
Rusiya prezidenti Suriyada əsas simadır, çünki ABŞ prezidenti Barak Obama vətəndaş müharibəsi dövründə hərəkətə keçməklə bağlı hələlik heç bir qərar verməyib. Putinin amacı aydındır. O, Əsədi dəstəkləmək və bununla da Rusiyanın Orta Şərqdə təsirini artırmaq istəyir. Putinin rəqibləri isə hazırda bölünüb və ayri-ayri istiqamətlərdə mübarizə aparırlar: ABŞ İŞİD ilə mübarizə aparır, Türkiyə kürdləri vurmaq istəyir, Səudiyyə isə İranı bu məsələdən uzaqlaşdırmağa çalışır.
ABŞ və müttəfiqləri bacardıqca qarşısındakı hədəflərə nail olmalıdır. İlk olaraq, Rusiya və Türkiyə arasında gərginliyin müharibəyə keçməsinin qarşısıni almaq lazımdır. Vaşinqton Türkiyə və kürdləri təmkinli olmağa inandırmalıdır. Çünki türklərin Moskvanın dəstəklədiyi kürdləri vurması Rusiya və Türkiyə arasında müharibəyə səbəb ola bilər.
Hər şeydən vacibi isə ABŞ, Avropa Birliyi və müttəfiqləri Putini atacağı addımlar barədə yenidən düşünməyə vadar edəcək yollar axtarmalıdır".
Samir