Azərbaycanın iqtisadi imkanları təcavüzkar Ermənistandan dəfələrlə çoxdur. Ölkəmizdə ümumi daxili məhsulun həcmi işğalçı ölkədəki analoji göstəricidən 3 dəfə, hərbi büdcəmiz isə 5 dəfə artıqdır. Ona görə də müasir dövrdə müharibə aparmaq üçün ciddi iqtisadi resurslar tələb edilir. Çünki bu, müasir hərbi texnologiyaların əldə edilməsi üçün zəruri şərtdir. İqtisadi cəhətdən güclü, qüdrətli ölkə müharibə apara bilər.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, işğalçı Ermənistanın iqtisadi və hərbi cəhətdən güclü olan Azərbaycan Ordusunun qarşısında tab gətirməsi qeyri-mümkündür:
"Düşmən dövlət nəinki uzunmüddətli, heç lokal hərbi əməliyyatlara qarşı belə dözümlü deyil. Artıq düşmən ordusunda silah-sursat, təchizatla bağlı ciddi problemlər mövcuddur. Ermənistanın milli valyutası devalvasiyaya uğrayıb, valyuta ehtiyatları cəmi1,5 milyard dollar civarındadır. Bu ölkənin silah-sursat almaq üçün ehtiyatları yox dərəcəsindədir. Ona görə də uzun müddət müharibə aparmaq üçün işğalçı ölkədə iqtisadi əsaslar mövcud deyil. Bu səbəbdən də düşmən ölkənin rəhbəri bütün dünya ölkələrinə yalvarır ki, müharibə tezliklə dayansın. Müharibə dayandıqdan sonra Ermənistanda uzun müddət istisadiyyatın bərpası belə nəzərdə tutulmur”.
Deputatın sözlərinə görə, Azərbaycanın indiki halda Ermənistana vurduğu zərbə müqabilində bu ölkəyə bəlkə də 30 il lazım olacaq ki, yenidən silahlı birləşmə formalaşdıra bilsin:
“Eyni zamanda məhv edilmiş silah-sursat, təchizatı yenidən almaq üçün Ermənistana ən azı 2 milyard dollardan artıq vəsait lazımdır. Bu imkanlar isə Ermənistanda yox dərəcəsindədir. Ona görə də istənilən halda bu müharibədən Ermənistan ağır məğlubiyyətlə çıxacaq. Düşmən üçün bu məğlubiyyət tək cəbhədə baş verməyəcək. İndiki halda düşmənin məğlubiyyəti ölkə daxilində ciddi siyasi-iqtisadi çaxnaşmalara səbəb olacaq. Bundan sonra işğalçı ölkədə iqtisadi tənəzzül getdikcə dərinləşəcək”.