21 Oktyabr 2020 15:57
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın konstruktiv mövqeyi olmayacaqsa, torpaqlarımızdan çəkilməyəcəklərsə, Paşinyanın sərsəm bəyanatları davam edəcəksə, Azərbaycan ordusu öz gücünə torpaqlarımızın qalan hissəsini də - Şuşanı da, Laçını da, Kəlbəcəri də, Xankəndini də azad edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Ermənistanın humanitar atəşkəsə əməl etmədiyini söyləyən baş redaktor qeyd edib ki, iki dəfə Rusiyanın təklifi ilə Azərbaycan tərəfi insani prinsiplərdən çıxış edərək, humanitar atəşkəsə razılaşıb:

“Faktiki olaraq, bütün cəbhə boyu üstünlüyümüz var və bu, davam etməkdədir. Hərbi və psixoloji üstünlüyə baxmayaraq, Azərbaycan tərəfi bir daha insani prinsiplərə sayğı, beynəlxalq hüquq normalarına hörmətlə yanaşma ortaya qoyaraq, humanitar atəşkəslə bağlı təklifə anlayışla yanaşdı. Bəs əvəzində Ermənistan nə etdi?

Humanitar atəşkəslə bağlı razılaşmanın heç bir gününün tamam olmasını gözləmədi. Azərbaycan atəşkəsə razılıq verməsi əslində Ermənistanın özünə də bir şans idi. Lakin Ermənistan və onun hərbi-siyasi rəhbərliyi bu şansı da düzgün qiymətləndirmədi. Onlara göstərilən bu humanizmin qarşılığında cəbhə xəttiylə, döyüş ərazisi ilə heç bir əlaqəsi olmayan Gəncə şəhərinə raket hücumu təşkil etdi. Gecə vaxtı öz vəhşiliklərini, faşist düşüncələrini bir daha nümayiş etdirdi və yatmış insanlara faciə yaşatdılar.

Ermənistan tərəfi və onun siyasi-hərbi cinayətkar rəhbərliyi bununla təkcə atəşkəsə, beynəlxalq hüquqa sayğısızlıq göstərmədi, eyni zamanda vasitəçilik edənləri də fakt qarşısında qoydular. Paşinyan və onun naziri bununla vasitəçilərə də hörmətsizlik göstərdilər”.

Rəfail Becanov hesab edir ki, proseslərin indiki durumu Azərbaycanın yox, işğalçı tərəfin günahlarının nəticəsidir:

“Azərbaycan tərəfi hər zaman nizamlama prinsiplərinə sadiqlik nümayiş etdirib. Ona görə də danışıqların davam etməsi ilə bağlı proses Ermənistandan və onun rəhbərliyindən asılıdır. Azərbaycan ordusunun hərb meydanında hansı üstünlüyə malik olması bütün dünyaya məlumdur. Hansı miqyasda ərazilərimizin erməni işğalından azad edildiyini hər kəs bilir.

Ermənistan ordusu faktiki olaraq, məğlub durumdadır. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından itkiləri ölçüyəgəlməz dərəcədə böyükdür. Lakin bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan tərəfi iradə nümayiş etdirir və əgər Ermənistan danışıqlar masasında konstruktiv mövqe tutarsa, nizamlama prosesinə start verilə bilər.

Təəəssüf ki, Ermənistan özünü konstruktiv aparmır. Ona görə də Ermənistanın konstruktiv mövqeyi olmayacaqsa, torpaqlarımızdan çəkilməyəcəklərsə, Paşinyanın sərsəm bəyanatları davam edəcəksə, Azərbaycan ordusu öz gücünə torpaqlarımızın qalan hissəsini də azad edəcək. Biz bundan əminik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər