Son günlərdə Ermənistanda COVID-19-a yoluxma hallarının sayı kəskin şəkildə artıb. “Sputnik” agentliyinin verdiyi məlumata görə, son sutka ərzində koronavirusa 2.306 yeni yoluxma halı aşkar edilib. Ermənistanda koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların ümumi sayı 70.836-ya çatıb.
Teleqraf.com xəbər verir ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Sosial şəbəkələrin Ermənistan seqmentində aparılmış araşdırmalar nəticəsində xəstələnmə hallarının bu cür “artması”nın səbəbi müəyyən edilib. Məlum olub ki, xəstəliyə yeni tutulanların böyük əksəriyyəti 18-55 yaşlarında, yəni səfərbərlik ehtiyatında olan kişilərdir. Onlar, xüsusən Ermənistanın uduzması hamıya məlum olduğu indiki vəziyyətdə bilə-bilə Qarabağda ölümə getmək istəmədiyi üçün pul gücünə COVID-19 testinin “müsbət” nəticəsini alırlar. Bu “nəticə”nin dəyəri 1000-2000 dollar həddində dəyişir. Beləliklə, özlərinə məxsus olmayan torpaqlar uğrunda ölümə getmək istəməyənlər Qarabağa yola düşməkdən iki həftəlik möhlət, yəni iki həftə həyat qazanır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlərdə cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr almış Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüş əməliyyatlarında iştirak etməkdən boyun qaçırır. Məlum olub ki, kənd sakinlərinin döyüş əməliyyatlarına cəlb edilməsi 543-cü alayın ehtiyat bölmələrindəki hərbi qulluqçuların Dağlıq Qarabağa getməkdən imtina etmələri ilə bağlıdır. Eyni zamanda, yerli sakinlər öz uşaqlarının döyüş əməliyyatlarında iştirakına etiraz əlaməti olaraq bəzi yolları bağlayıblar.
Hadrutdan şimala doğru müdafiə zolağında və Ağdərədə 5-ci dağ-atıcı alayın müdafiə sahəsində olan hərbi qulluqçuların qohumları və tanışları onlara zəng vuraraq silahı yerə qoymağa və geri çəkilməyə çağırırlar. Hərbi bölmələrdə ərzaq, yanacaq və silah-sursat çatışmaması barədə də məlumatlar daxil olur.