“Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyanın ittihamları ciddi araşdırma mövzusu olmalıdır. Onun ittihamlarında ağır cinayət, hətta dövlətə xəyanət əlamətləri var və ümid edirəm ki, hüquq-mühafizə orqanları Movses Akopyanın məsuliyyətə cəlb edilməsi istiqamətində deyil, təqdim etdiyi məlumatların yoxlanılması istiqamətində araşdırma aparacaq və günahkarlara hüquqi qiymət verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Artur Vanetsyan deyib.
“Əldə edilən məlumatların müqayisəsi Nikol Paşinyanın qərarlarında cinayət tərkib hissələrinin aşkarlanmasına gətirib çıxararsa, Milli Təhlükəsizlik Xidməti, prokurorluq və istintaq orqanları onu cəzalandırmağa borcludurlar. Şəxsi fikrimcə belə elementlər var”, - general qeyd edib.
Artur Vanetsyana görə, Paşinyan hökumətinin uğurlar yazacağı bir sahə yoxdur:
“44 gün üst-üstə bizə yalan məlumatlar verildi, həqiqəti dilə gətirən hər kəsə “xain” deyildi. Nikol Paşinyan xroniki yalançıdır, yenə də yalan danışır, məğlubiyyətinə haqq qazandırmaq üçün yalan bir gündəm ortaya qoyur”.
Əlavə edək ki, Movses Akopyan dünən keçirdiyi mətbuat konfransında Azərbaycanla 44 günlük savaş zamanı Ermənistan ordusunda baş verən özbaşnalıqlarla bağlı faktlar açıqlayıb.