“Ermənistanda müxalifətin neçə gün əvvəldən hazırlaşdığı mitinq baş tutdu. Mitinqin yekunu olaraq Paşinyana üç gün vaxt verildi ki, özü istefa versin. Lakin Paşinyan istefa verməyəcək. Mitinqdə insanların azlığı birləşmiş müxalifət üçün şok oldu. Müharibədə uduzan dövlətin ali baş komandanına qarşı bütün müxalifətin bu qədər az sayda adamı meydana toplaması, onların adına biyabırçılıq idi”.
Teleqraf.com xəbər verir ki, bunu “Bakı” Politoloqları Klubunun rəhbəri Zaur Məmmədov deyib.
“Bəs niyə ermənilərin bir çoxu hələ də Paşinyandan üz döndərməyib? Əgər müharibədən sonra cəmiyyətin emosional vaxtında xalqın əksəriyyəti ayağa qalxmırsa, bir müddətdən sonra müxalifət daha az sayla mitinqlər keçirəcək. Ermənistanda üstünlük təşkil edən və Qərbə simpatiya bəsləyən erməni gənclər, ölkədəki vətəndaş cəmiyyəti institutları da Paşinyanın yanındadırlar”, - ekspert bildirib.
Zaur Məmmədov qeyd edib ki, 2018-ci ildə Serj Sərkisyana qarşı mitinqlərdə 100-300 min adam nümayiş keçirdiyi halda, müharibənin əsas günahkarı Nikola qarşı meydana 10 min adam çıxarmaq gülünc durumdur:
“Yeri gəlmişkən, hər bir inqilabda hakimiyyət dəyişikliyi üçün xarici oyunçu əsas təkanverici qüvvə olmalıdır. Bu mitinqlərin arxasında heç bir xarici dövlət durmayıb. Rusiya dekabr ayında Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. İndi Qarabağda ciddi proseslər gedir. O ki qaldı mitinqdə müxalifətin təqdim etdiyi lider Vazgen Manukyanın çıxışına, bu qocanın Türkiyə ilə bağlı dedikləri eyforiya və populizmdən başqa heç nə deyildi. Manukyan hadisələri adekvat dəyərləndirmədiyini çıxışında sübut etdi.
Ermənistan cəmiyyəti hakimiyyətdə Rusiyanın adamlarını, Qarabağ ermənilərini və irqçi-faşist təfəkkürlü şəxsləri görmək istəmir. Bu gün Ermənistan sakinləri Avropanın bir üzvü olmaq istəyirlər. Müharibə onların simpatiyasını Qərbə daha da itələdi. Lakin bütün bunlar o demək deyil ki, Paşinyanı dəyişmək mümkün deyil. Mümkündür - əgər Putin istəsə. Hələlik Putin üçtərəfli sazişin tez bir şəkildə icra edilməsini seyr edir”.