Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatdan imtina edilməsi halında yeni müharibə təhlükəsi görürük.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində çıxış edən “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentində “Mövcud vəziyyətdən çıxmaq üçün fəaliyyət planının müəyyənləşdirilməsi” haqqında bəyanat layihəsi müzakirə edilir.
Edmon Marukyan vurğulayıb ki, imzalanan üçtərəfli bəyanatın bir reallıq olduğunu qəbul edirlər: “Üçtərəfli bəyanat tətbiq edilir, amma Azərbaycanın xeyrinə. Danışıqlar aparmalıyıq. Sənədin ləğvi yeni müharibə təhlükəsi yaradır. Düşünürəm ki, biz bu yolu tutmamalıyıq. Amma danışıqlar vasitəsilə bu sənəd bir çox cəhətdən xeyrimizə istifadə oluna bilər”.