Bu gün Ermənistan parlamenti “2021-ci il dövlət büdcəsini” müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, plenar iclasa başlayandan az sonra 20 dəqiqəlik fasilə elan olunub.
Bundan əvvəl, parlament Azərbaycanda olan erməni hərbi əsir və girovların erkən qaytarılması məsələsini müzakirə etmək üçün səsvermə keçirməli idi. Məsələnin müzakirəyə çıxarılması təşəbbüsü parlamentdəki müxalifət deputatlarından gəlmişdi.
Ancaq hakim “Mənim addımım” bloku təklif edib ki, məsələ qapalı müzakirə edilsin.
Vitse-spiker Alen Simonyan və fraksiya rəhbəri Lilit Makunts da bu təklifi dəstəkləyib. Onların fikrincə, məsələnin açıq müzakirəsi əsir və girovlara “zərər” verə bilər.
Ancaq müxalif “İşıqlı Ermənistan” fraksiyası məsələnin açıq müzakirə edilməsində israr edib.
Fraksiya rəhbəri Edmon Manukyan deyib ki, hakim “Mənim addımım” fraksiyası müzakirələrdən qaçıb və onu pozmağa çalışıb: “Bunu edə bilmədikləri ortaya çıxdı və məsələ müzakirə edilməlidir, ancaq qapalı formada”.