Ötən gün Bakıda keçirilən Qələbə paradında savaş zamanı Ermənistan ordusunun ələ keçirilmiş texnikalarının nümayiş etdirilməsi düşmən ölkədə psixoloji sarsıntı yaradıb.
Teleqraf.com xəbər verir ki, texnikaların hərbi qənimət kimi paytaxtda nümayiş etdirilməsi Ermənistanda hakimiyyətə qarşı etirazları yenidən qızışdırıb.
Sosial şəbəkələrin erməni seqmentində paradda çəkilmiş fotolar paylaşılaraq, bunun Ermənistan adına “böyük utanc” olduğu yazılıb. Ermənilər Ermənistan baş nazirinin xalqı dünyanın qarşısında mənəvi və psixoloji olaraq sındırdığını bildiriblər.
Baş verənlərə münasibət bildirən “Vətəndaş Şüuru” ictimai təşkilatının rəhbəri Narek Samsonyan Baş nazir Nikol Paşinyana qarşı sərt ittihamlar irəli sürüb:
“Bu gün Ermənistanın Silahlı Qüvvələrinin texnikaları Bakının mərkəzi meydanında nümayiş olunur. Bunun səbəbi Nikol Paşinyanın Ermənistanın rəhbəri olması və onu hüquq mühafizə və təhlükəsizlik orqanlarının rəhbərlərinin müdafiə etməsidir”.
O, İrəvanda etirazçılara qarşı zorakılıq edən polis sistemini və Baş nazir Paşinyanı Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandırıb və Bakı paradının onları birabır etdiyini vurğulayıb.
Samsonyan Bakıda hərbi qənimət kimi nümayiş olunan texnikaların fotolarını da Feysbuk səhifəsində paylaşıb.